“Hazırda riyaziyyat, fizika, kompüter elmləri və s. kimi fundamental fənlərə ayrılan dərs saatlarının azlığı tələbələrin dərin elmi biliklərə yiyələnməsinə imkan vermir. Fundamental elmlər sahəsi üzrə təhsildə əsaslı məzmun yenilənməsinə böyük ehtiyac var”.
APA xəbər verir ki, bu barədə Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Riyazi-fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının iclasında bildirib.
Onun sözlərinə görə, müvafiq istiqamətdə daha səmərəli nəticələr əldə etmək üçün inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən yararlanmaq məqsədəuyğundur:
“Bakı Dövlət Universitetində Riyaziyyat və mexanika, Tətbiqi riyaziyyat, Fizika fakültələrinin tədris planlarında apardığım araşdırmalar göstərir ki, fənlərin tədris olunma ardıcıllığı, onlara ayrılan saatların miqdarı, onların seçimi ilə bağlı ciddi nöqsanlar vardır. Məsələn, Tətbiqi riyaziyyat fakültəsində ixtisaslardan birində III kursda “Tətbiqi əhəmiyyətli diferensial tənliklər” fənni yer alıb. Halbuki əvvəlki kurslarda bu ixtisasda “Diferensial tənliklər” fənni tədris edilmir. Deməli, tələbə diferensial tənlik, onun həlli üsulları haqqında heç bir məlumatı olmadan, tətbiqi əhəmiyyətli diferensial tənliklər haqqında məlumat almalıdır ki, bunun mümkünlüyünü anlamaq çətindir”.
O eyni zamanda deyib ki, Fizika fakültəsində “Riyazi fizika” fənninə cəmi 15 saat ayrılıb, o da seçmə fənlər bölməsindədir:
“Digər riyazi fənlərə də ayrılan saatlar çox azdır. Bu isə qəbuledilməzdir, çünki klassik və müasir nəzəri fizika riyaziyyat, xüsusilə də riyazi fizika üzərində qurulub. Bu tipli nöqsanlar fundamental elmlərin tədris olunduğu bütün fakültələrdə mövcuddur. Tətbiqi riyaziyyat fakültəsində “İnformatika” fənni ilə bağlı 2 kafedra fəaliyyət göstərir ki, onlarda 30-dan çox saat hesabı dərs keçən müəllim vardır. Bu kafedraların tədris planlarına salınmış fənlər dünyanın qabaqcıl universitetlərinin tədris planlarına uyğunlaşdırılmışdır. Lakin bu fənlərin əksəriyyəti üzrə dərsliklər yoxdur və cəlb edilən “saat hesabı” müəllimlərin bir hissəsi az kompetensiyalıdır. Belə olan halda bu kimi fənlərə ayrılan saatlar, faktiki olaraq, itirilmiş hesab edilə bilər”.
Akademikin sözlərinə görə, tədris planları “Təhsil standartları” əsasında formalaşır və bu standartlar Elm və Təhsil Nazirliyinin təşkil etdiyi komissiyalar tərəfindən hazırlanır.
“Yuxarıda sadalanan və digər nöqsanlar bu komissiyaların sahələr üzrə kompetensiyası ilə də bağlı ola bilər. Digər tərəfdən, Elm və Təhsil Nazirliyi komissiyalara xarici ölkələrdən götürdüyü bir saat limiti (həftəlik, illik) verir. Lakin bundan əlavə, müəyyən fənlərin (qeyri-profil) məcburi olaraq, (kifayət qədər həcmli saatlarla) standarta salınmasını da şərt qoyurlar. Halbuki, saatların ümumi miqdarının götürüldüyü ölkələrin proqramlarında bu kimi fənlər yoxdur. Bu halda ixtisas üzrə vacib olan fənlər üçün saat qalmır və ya çox az qalır. Şübhəsiz ki, Elm və Təhsil Nazirliyinin təklif etdiyi həmin qeyri-profil fənlər də olduqca əhəmiyyətlidir. Lakin onlara verilən saatlar profil fənləri məhdudlaşdırmamalıdır. Məsələn, Tətbiqi riyaziyyat fakültəsində müəllimlik ixtisası üzrə “Sahibkarlığın əsasları və biznes” fənni, bütün fakültələrdə “Tibbi biliklər”, “Müki müdafiə”, “Tarix”, “Politologiya”, “Sosiologiya” və s. kimi fənlər tədris edilir. Fikrimcə, riyaziyyat, fizika, kimya və digər fundamental elmlərlə bağlı fakültələrdə təhsil alan tələbələr üçün belə fənlər fakültativ dərslər, dərnəklər vasitəsilə mənimsədilsə, daha məqsədyönlü olar”, – deyə alim bildirib.
Akademik eyni zamanda magsitraturaya qəbul imtahanları ilə bağlı məsələyə də toxunub: “Magsitraturaya qəbul imtahalarında xarici dil biliyinə xüsusi diqqət göstərilməsi təqdirəlayiq haldır, lakin ixtisas imtahannın olmaması, fikrimcə, qəbuledilməzdir”.