Bərdədə Qadın Resurs Mərkəzinin açılışı olub - FOTO

Bərdədə Qadın Resurs Mərkəzinin açılışı

© APA | Bərdədə Qadın Resurs Mərkəzinin açılışı

# 23 may 2022 16:28 (UTC +04:00)

Bərdədə Qadın Resurs Mərkəzinin açılışı olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, BMT İnkişaf Proqramının (İP) Rezident nümayəndəsinin müavini Çaru Bista, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev iştirak edib.
Qadın Resurs Mərkəzi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi üzrə, BMT İP və AQUPDK tərəfindən Britaniya hökumətinin dəstəyi ilə həyata keçirilib.

Layihənin uzunmüddətli məqsədi münaqişələrdən zərər çəkmiş qadınların münaqişə və travmalara qarşı davamlılığını artırmaqdır. Layihənin hədəf kütləsinə məcburi köçkün qadınlar, qaçqın və məcburi köçkünlər, əmək və əhalinin sosial müdafiəsinə məsul dövlət qurumları, dövlət xidmətləri göstərən müəssisələr, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, özəl şirkətlər, yerli icmalar daxildir.

AQUPDK-nın sədri Bahar Muradova bildirib ki, beynəlxalq tərəfdaşlarla birgə layihə çərçivəsində həssas təbəqədən olan, münaqişədən təsirlənmiş qadınlara maddi və mənəvi dəsətək bundan sonra da davam edəcək: “Konkret şəkildə həssas qrupa daxil olan, bu və ya digər sosial vəziyyəti aşağı olan ailələr, müxtəlif səbəblərdən həyatda öz yerin tuta bilməmiş insanların, xüsusi ilə də qadınların bu prosesə cəlb olunması, onların qabiliyyətləri, bacarıqlarının artırılması istiqamətində təlimlərin keçirilməsi planlaşdırılıb. Ən əsası da bu layihə qadınların iştiraklılığının təmin olunmasını, səlahiyyətlənməsi və iqtisadi gücləndirilməsini hədəfləyir. Bu öz-özlüyündə sosial duruma, ailədaxili münasibətlərlə təsir edir və gender bərabərliyinin təmin olunmasına xidmət edir.”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib ki, yeni açılan Qadın Resurs mərkəzləri dəyişim üçün platforma olub, müxtəlif sahələrdən gələn qadınları bir araya gətirəcək. QRM-lərdə təklif olunan xidmətlər qadınların peşəkar bacarıqlarını artıracaq və qadın sahibkarlığına öz töhfəsini verəcək: “Ümumiyyətlə, biz layihənin çox əhəmiyyətli olduğunu düşünürük. Biz Azərbaycanda qadınların imkanlarının artırılması və gender bərabərliyinin təmin edilməsinə ümumi şəkildə yanaşmağa çalışırıq. Britanya səfirliyi Azərbaycanda qadınlarla bağlı bir sıra mövzularla məşğuldur. Bu mövzulara qadınların səlahiyyətlərinin artırılması, gender əsaslı zorakılığın qarşısının alınması, qadın və sülh, təhlükəsizlik mövzuları daxildir. Qadın Resurs Mərkəzi Britaniya səfirliyinin maliyyə dəstəyi ilə Azərbaycanda açılan 3-cü belə mərkəzdir. Daha əvvəl Tərtər və Ağcabədidə belə mərkəzlər açılıb. Bərdə cəbhə bölgəsinə yaxın olub. Bura zərər görmüş ərazilərdəndir. Bərdədə məcburi köçkünlərin də sayı çoxdur. Onlar gələcəkdə azad edilmiş ərazilərə qayıdacaqlar. Düşünürük ki, bu qadınlar öz yurdlarına qayıdandan sonra da işlə təmin edilsinlər”.

BMT İP-in Rezident nümayəndəsinin müavini Çaru Bista isə bildirib ki, 2024-cü ilədək davam edəcək layihə çərçivəsində 360 qadının biznesin inkişafı təlimlərinə cəlb olunması, 540 qadının peşə təlimlərində iştirakı, 800 qadına psixoloji, 600 qadına isə hüquqi dəstək göstərilməsi gözlənilir.

Qeyd olunub ki, Bərdədə istifadəyə verilən mərkəz BMT-nin İP-nin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2011-ci ildən bəri Azərbaycanın regionlarında istifadəyə verdiyi sayca 15-ci Qadın Resurs Mərkəzidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR