Biləsuvar şəhər mərkəzindən keçən Bolqarçay çayında yenidən suyun artması müşahidə olunur.
APA-nın cənub bürosunun xəbərinə görə, Bolqarçayda bir müddət qismən səngiyən su artımı yenidən maksimal həddə çatır.
Yerli sakinlər bildiriblər ki, bu günə kimi Bolqarçayda, əsasən də şəhər mərkəzindən keçən hissədə bu səviyyədə su görməyiblər.
Biləsuvar rayon İcra Hakimiyyətinnin Fövqəladə hallar komissiyasının sədri Azər Cəfərov APA-ya bildirib ki, Bolqarçayda suyun səviyyəsinin dəyişməsi İrandakı hava şəraitindən asılıdır: "Hazırda həmin istiqamətdə güclü yağış müşahidə olunur. Ona görə də proqnoz vermək çətindir. Amma istənilən vəziyyətə hazır olmaq lazımdır. Buna görə də Bolqarçay ətrafında yaşayan sakinlərə xəbərdarlıq edilib. Amma hazırda vəziyyət stabildir".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bu gün Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat yayıb. Qeyd olunub ki, vəziyyətlə əlaqədar dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinlərinin təxliyəsi barədə qərar qəbul olunub.
FHN-in qüvvələri Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə adıçəkilən kəndlərin əhalisini təhlükəsiz əraziyə təxliyə ediblər.
Operativ olaraq Bolqarçay çayı üzərində sel təhlükəsi aradan qaldırıldıqdan sonra təxliyə olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması təmin olunub.