Havanı çirkləndirən restoranlar cərimələnib

Havanı çirkləndirən restoranlar cərimələnib
# 18 iyul 2022 16:56 (UTC +04:00)

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

APA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

Keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Binəqədi və Xətai rayonları ərazisində fəaliyyət göstərən “Çıraq Palas”, “Afrodita”, “Nağıl Bağı”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Qubadlı”, “Yaxta” və “İbiza” ictimai- iaşə obyektlərindən havaya normadan artıq tullantı atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub.

Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən sözügedən restoran və şadlıq saraylarının istismarçıları barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin istismarçılarına bir daha çağırış edib ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər.

Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nəzarət tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR