İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib

# 04 iyun 2022 12:34 (UTC +04:00)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İşçi Qrupdan APA-ya verilən məlumata görə, videoformatda keçirilən iclasda İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin nümayəndəsi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə çalışanların ilkin zəruri ehtiyaclarının (yeməkxana, ərzaq və xırdavat malları, aptek, tibb məntəqələri, çörək istehsalı, bankomat və s) ödənilməsi məqsədilə 2022-ci il 2-4 iyun tarixlərində Füzuli-Cəbrayıl-Xocavənd, Kəlbəcər-Laçın, Tərtər-Ağdam, Qubadlı-Zəngilan marşrutları üzrə sahibkarların səfəri nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlardan bu gunə qədər İqtisadiyyat Nazirliyi yanında Kicik və Orta Biznesin İnkişafı Agentliyinə 1152 müraciət daxil olmuşdur. Müraciətlərin 747-si yerli, 405-i xarici şirkətlərə məxsusdur.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə 2021-2022-ci təsərrüfat ili üzrə 50935 hektar sahədə şumlama işləri aparılıb və 50393 hektar sahədə səpin həyata keçirilib.

May ayı ərzində Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Cəbrayıl və Qubadlı rayonundan olan fermerlərə məxsus arı ailələri həmin rayon ərazilərindəki yaylaqlara köçürülmüşdür. Arı ailələrinin, habelə heyvanların yaylaqlara köçürülməsi prosesi davam etdirilir.

Sonra Dövlət Turizm Agentliyinin əməkdaşı tərəfindən “Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nın təqdimatı olub. O, Daşaltı turizm sektorunun inkişaf göstəriciləri üzrə proqnozlar və investisiya mühitinin əlverişliliyinin artırılması, tələb olunan maliyyə mexanizmləri barədə ətraflı məlumatlar verib.

O da qeyd edilib ki, Dövlət Turizm Agentliyi tərəfindən cari ilin may ayında Kəlbəcər rayonunun İstisu qəsəbəsinin turizm əsaslı uzunmüddətli və davamlı inkişafı istiqamətində ərazilərə baxış keçirilmiş, hədəflər, istiqamətlər müəyyən edilmiş və Kəlbəcər rayonunun çoxşaxəli turizm potensiallı olduğunu nəzərə alaraq, hazırda ərazidə turizm resurslardan səmərəli istifadə, strateji hədəflər, turizm növləri, turizm və rekreasiya zonalarının inkişafı istiqamətlərini özündə əks etdirəcək “Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır.

İclasda təqdim olunan hesabatlar İşçi Qrupunun üzvləri tərəfindən geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR