“MD Simulyasiya” platformasının təqdimatı keçirilib

“MD Simulyasiya” platformasının təqdimatı keçirilib
# 10 yanvar 2022 12:59 (UTC +04:00)

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və “Equinor Apsheron AS” şirkətinin birgə layihəsi olan “MD Simulyasiya” platformasının təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Mərkəzin direktoru Qəhrəman Haqverdiyev platforma barədə məlumat verib. O qeyd edib ki, “MD Simulyasiya – müxtəlif ssenarili müayinə və müalicə simulyatoru” tibb sahəsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətində atılan ən son addımlardan biridir.

Direktor innovativ vasitə olan platformanın tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xüsusilə distant təhsil üçün əhəmiyyətli rolundan danışıb.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov platformanı təqdim edib. O bildirib ki, bu platforma COVİD-19 dönəmində yaradılmağa başlanılıb və əvvəl bu xəstəlik üçün nəzərdə tutulsa da, daha sonra qərara gəlinib ki, yalnız COVID üçün deyil, istənilən xəstəliyin təcrübə əsasında müalicə və diaqnostikasının aparılmasına imkan versin: "Bu, regionda ilk belə simulyasion platformadır. "MDSimulyasiya” platformasında müxtəlif ssenarilərə və səviyyələrə uyğun pasiyentlərin simptomlarını suallar vasitəsilə aydınlaşdırmaq olur. Bu simptomlara müvafiq tibbi prosedurlar həyata keçirərək pasiyentin vəziyyətini yaxşılaşdırmaq istiqamətində tədbirlər görmək, müayinə və müalicə etmək mümkündür. Platforma gələcəkdə Sertifikasiya Komissiyası və ya ATU-da imtahanlar zamanı biliklərin yoxlanılması üçün də istifadə oluna biləcək, çünki platformada bütün imkanlar yaradılıb".

Qeyd edək ki, platformada (https://mdsimulyasiya.az ) qeydiyyat və istifadə ödənişsizdir. Bu simulyasiyalar kompüterlər və əksər planşetlər üçün optimallaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR