Nəbatat Bağında qanunsuz tikililər sökülüb - FOTO

Nəbatat Bağında qanunsuz tikililər sökülüb - FOTO
# 05 may 2023 13:13 (UTC +04:00)

Mərkəzi Nəbatat Bağında ağacların kəsilməsi faktı yoxdur və ərazidə əlavə tikintinin olması nəzərdə tutulmayıb.

APA xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yenidənqurma və abadlıq işləri aparılan Mərkəzi Nəbatat Bağına təşkil edilmiş mediaturda Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.

Elmin İmanov deyib ki, təsdiq olunmuş layihə əsasında Nəbatat Bağında insanların şəhər içərisində üz tutacaqları böyük bir meşə yaradılması nəzərdə tutulub:

"Burada diqqət çəkən məsələ ağaclarla bağlıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar mütəmadi olaraq monitorinqlər aparırlar. Son monitorinq mayın 3-də baş tutub".

"Aidiyyəti üzrə qurumlar tərəfindən laborator müayinələr aparılır və gəlinən qənaətə görə ağaclarda xəstəliklər aşkar edilib. Həmin ağaclarla bağlı tədbir görülməsi zərurətdir. Çünki həmin ağacların utilizasiyası aparılmazsa, digər ağaclara da xəstəlik keçə bilər. Əgər xəstə ağac müalicə oluna bilirsə, müalicə edilir, əks halda isə kəsilir. Bu zaman hər bir kəsilən ağacın yerinə öz növündə yeni ağaclar əkilir", - deyə o fikrini davam etdirib.

Elmin İmanov bildirib ki, Nəbatət Bağında qanunsuz tikililər sökülüb, təmir işləri həyata keçirilir.

"Bağda 40-yaxın avtomobil təmir sexi olub ki, onlar da sökülüb və yerində meşə örtüyü salınması planlaşdırılıb. Eyni zamanda "Şəki", "Qəbələ" restoranları sökülüb, yerində giriş kompleksi yaradılıb. Bağda təbiiliyin qorunması nəzərə alınaraq asfalt və beton örtüyünün sökülməsi də nəzərdə tutulub. Əsas diqqət yaşıllığın daha geniş ərazini əhatə etməsinə yönəlib və müasir şəkildə yenidən qurularaq meşə örtüyünün qorunması prioritet götürülüb. İşlər mütəxəssislərin nəzarəti altında həyata keçirilir", - deyə o qeyd edib.

Elmin İmanov qeyd edib ki, bağda göl salınacaq və amfiteatrın inşası da nəzərdə tutulur.

"Həmçinin ərazidə uşaqlar üçün meydança da salınacaq. Aparılacaq işlər çərçivəsində Mərkəzi Nəbatat Bağında qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli 10-na yaxın bina artıq sökülüb və onların ərazisində yaşıllıqlar salınacaq. Bağda böyük arenjeriya olacaq. Arenjeriyanın birində tropik, digərində isə subtropik bitkilər saxlanılacaq. Əraziyə gələn insanlar isə həm bağı gəzəcək, həm də bitkilərlə tanış olacaqlar”, - deyə Elmin İmanov qeyd edib.

Biologiya elmləri doktoru Həsən Babayev isə bildirib ki, 2021-ci ildə Nəbatat Bağından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib və komissiya yaradılaraq bütün ağaclara baxılıb:

“Ağaclara baxış keçirilən zaman ömrünü başa vurmaq ərəfəsində olan və xəstə ağaclar qeydə alınıb. Onların utilizasiyası üçün qərar verilib. Daha sonra ETSN əməkdaşlarının və yaradılmış komissiya üzvlərinin iştirakı ilə Nəbatat Bağında qurumuş ağacların götürülməsi üçün rəy verilib. Bu, əhəmiyyətli işdir. Burada həm profilaktik, həm də aqrotexniki işlər görülməyə başlayarkən xəstə ağacların olması işlərə mane olar. Çünki sağlam ağaclar da xəstə ağaclardan yoluxa bilər”.

“Bakı Şəhəri İcra Hakimiyyətinin təşəbbüsü ilə müalicə məqsədi ilə ağacların inyeksiyası həyata keçirilib və yaxşı nəticə əldə olunub”, - deyə o, qeyd edib.

Elm və Təhsil Nazirliyinin nəzdində Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva isə bildirib ki, İnstitutun sökülməsi ilə bağlı şayiələr həqiqəti əks etdirmir. Həmçinin Səyyarə İbadullayeva Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun onlarla görüşdüyünü və onların problemləri ilə maraqlandığını bildirib.

Qeyd edək ki, heç bir sağlam ağacın kəsilməsi faktı müşahidə edilməyib. Kəsilən ağaclar əsasən quru və ya xəstə ağaclar idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR