Qurban Yetirmişli: “İrandakı zəlzələnin Azərbaycandakı ocaqları oyatması gözlənilmir”

Qurban Yetirmişli: “İrandakı zəlzələnin Azərbaycandakı ocaqları oyatması gözlənilmir”
# 05 oktyabr 2022 11:55 (UTC +04:00)

“İranda bu gecə baş verən zəlzələ təkcə bizim stansiyada qeydə alınmayıb, insanlar tərəfindən də hiss olunub. Lakin bu zəlzələnin Azərbaycandakı ocaqları oyatması gözlənilmir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Azərbaycanda hər gün demək olar ki, xırda təkanlar olur:

“Məsələn, bu gecə ölkəmizdə 81 təkan qeydə alınınb. Bu təkanlar hər gün qeydə alınır. Bəzən 30, bəzən 50 təkan qeydə alınır. Lakin bunlar təhlükəli deyil. Ümumilikdə yaxın günlərdə Azərbaycanda maqnitudası 5-dən yuxarı olan, dağıdıcı təkanlar gözlənilmir”.

Qurban Yetirmişli əlavə edib ki, İrandakı zəlzələ Zəngəzur və Naxçıvandakı zəlzələ ocaqlarında aktivlik olduğu təqdirdə seysmik prosesləri sürətləndirə bilərdi:

“Ancaq hazırda bu ərazilərdə seysmik aktivlik müşahidə edilmir ki, İrandakı təkanlar da prosesi sürətləndirsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR