Soltan Məmmədov: "Vahid indeksasiya vətəndaşların pensiyasının daha çox artmasına imkan verəcək"

Deputat Soltan Məmmədov

© APA | Deputat Soltan Məmmədov

# 28 sentyabr 2022 15:11 (UTC +04:00)

“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər ümumilikdə pensiyaçıların rifahının daha da yüksəlməsinə xidmət edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, layihə Azərbaycanda bütün növ əmək pensiyalarının məbləğinin hər il vahid qaydada indeksləşdirilərək artırılmasını nəzərdə tutur.

Soltan Məmmədov vurğulayıb ki, vahid indeksasiya metoduna keçid bir çox vətəndaşların pensiyasının hazırda qüvvədə olan qanunda nəzərdə tutulan hesablama metodları ilə müqayisədə daha çox artmasına imkan verəcək: “İlk növbədə vahid indeksləşdirmə qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyasında artımların səviyyəsinə ciddi təsir göstərəcək. Dəyişikliklər maddi yardımların pensiyaların tərkibinə daxil edilməsini də nəzərdə tutur ki, bu da pensiyaların daha çox artımını təmin edən amillərdən biri olacaq. Bu dəyişiklik hazırda pensiya alan bütün şəxslərin sosial rifahına müsbət təsirini göstərəcək. Bildiyiniz kimi, maddi yardım bu il həm ümumi əsaslarla, həm də xüsusi şərtlərlə təyin edilmiş şəxslərə ödənilib. Ona görə də maddi yardımın pensiyaların tərkibinə daxil edilməsi bütün kateqoriyadan olan pensiyaçıların sosial durumunun yaxşılaşmasına səbəb olacaq”.

Deputat onu da vurğulayıb ki, vahid indeksasiya metoduna keçidin bir sıra digər üstün cəhətləri də mövcuddur. Bunlardan biri də, pensiyaların indeksləşdirilərək artırılmasının tamamilə elektronlaşdırılmasını təmin etməkdir: “Vahid indeksasiya metodu dünyada qəbul edilmiş və müsbət nəticələr verən yeni bir yanaşmadır. Bu, bir tərəfdən pensiyaların indeksləşdirilmə üsulu ilə artırılması prosesini elektronlaşdırmağa imkan verəcək. Çünki qulluq əlavəsi alan şəxslərin pensiyasının əməkhaqqı artımları əsasında yenidən hesablanması ənənəvi metodlarla aparıldığından bəzən müəyyən texniki qüsurlar olur. Bu isə əlbəttə ki, vətəndaşların mənafelərinə təsirsiz ötüşmür. Yeni metod isə texniki yanlışlıq ehtimalının tamamilə aradan qaldırılmasına imkan verəcək. Eyni zamanda, əlbəttə ki, dövlət qurumlarının da işinin daha effektiv, dəqiq təşkilinə şərait yaradacaq”.

Soltan Məmmədov təklif olunan dəyişikliklərin qəbul olunacağı təqdirdə pensiyaçılar və onların xidmət keçdiyi qurumların hər hansı məlumat təqdim etmək öhdəliyinin də aradan qalxacağını diqqətə çatdırıb və bildirib ki, təklif olunan qanun layihəsinin əsas məqsədi Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasətə uyğun olaraq pensiyaçıların sosial rifahının daha da yaxşılaşdırlmasına nail olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR