Riçard Luqar: “Gürcüstan hadisələri Azərbaycanın nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərdi”

Riçard Luqar: “Gürcüstan hadisələri Azərbaycanın nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərdi”
# 25 avqust 2008 14:23 (UTC +04:00)
“Biz iki ölkə arasında olan çox vacib strateji münasibətləri və dostluq əlaqələrini bundan sonra da inkişaf etdirmək üçün yeni yollar müzakirə etdik” deyən senator Azərbaycanın Gürcüstana göstərdiyi köməyin Tiflisdə şahidi olduğunu söyləyib. O, ABŞ-ın bu çətin vaxtda Azərbaycanın Gürcüstana qida məhsulları və daha çox ehtiyac duyulan mallar göndərməsini yüksək qiymətləndirdiyini vurğulayıb.

“Azərbaycan Gürcüstanın durumuna düşərsə, ABŞ analoji dəstəyi Azərbaycana da verəcəkmi” sualını cavablandıran senator Azərbaycanın da ABŞ üçün çox vacib ölkə olduğunu bildirərək, Vaşinqtonun analoji situasiyada rəsmi Bakıya yardım göstərməyə və cavab reaksiyası verməyə hazır olduğunu qeyd edib.

Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən tanınmasına münasibət bildirən R. Luqar bunun piar məqsədi ilə atılan addım ola biləcəyini söyləyib. Gürcüstan hadisələrinin Azərbaycan və regiona təsirinə dair sualı cavablandıran senator bəyan edib ki, bu hadisələrin Azərbaycana birbaşa təsiri olub: “Bu hadisələr Azərbaycanın nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərdi, bir daha aydın oldu ki, Azərbaycan bütün dünya üçün enerji təhlükəsizliyin mənbəyini təşkil edən bir ölkədir”.

“Nabucco” layihəsinin perspektivinə dair sualı cavablandıran R. Luqar Bakıda bu məsələni də müzakirə etdiyini, buradan Ankaraya edəcəyi səfər zamanı Türkiyə rəsmiləri ilə danışıqlar aparacağını bildirib: “Həllini gözləyən bir çox sual var: “Nabucco”nun doldurulması üçün nə qədər qaz lazımdır, Türkiyə nə qədər istehlak edə bilər, nə qədər şimala nəql oluna bilər? Türkiyədən sonra Rumıniya, Macarıstan və Ukraynaya gedəcəyəm, Avropa İttifaqında və NATO-nun qərargahında olacağam. Bu ölkələr üçün “Nabucco” böyük əhəmiyyətə malik olduğundan onlarla müzakirələr aparmaq vacibdir”.

Türkiyə baş nazirinin “Qafqaz İttifaqı” təşəbbüsü ilə bağlı sualın cavabında senator Türkiyə rəhbərliyi ilə görüşmədən bu məsələyə rəy vermək istəmədiyini deyib: “Lakin ümid edirəm ki, bu təşəbbüs regionda olan kollektiv səylərimizin daha da güclənməsinə kömək edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR