Ankarada Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO

Ankarada Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
# 28 sentyabr 2022 18:51 (UTC +04:00)

Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar Ankara şəhərində anma proqramı təşkil olunmuşdur.

Bu barədə APA-nın İstanbul müxbirinə Səfirlikdən məlumat verilib.

Qeyd olunub ki, 700 nəfərin iştirak etdiyi tədbir Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin tarixi binasında “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilib.

Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Şəhidlərimizin ruhuna dualar oxunub.

Azərbaycanın qəhrəmanlıq tarixini, işğalçı Ermənistana qarşı xalqımızın birləşərək mübarizə aparmasını, Azərbaycan Ordusunun qəhrəman əsgərlərinin şücaətini əks etdirən video nümayiş olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən danışan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasəti nəticəsində Azərbaycana vurulmuş zərərdən, 1 milyona yaxın soydaşımızın məcburi köçkün olmasından danışıb. Səfir qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan heç bir zaman qələbə əzmini itirmədi və Ermənistanın növbəti provokasiyasına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etdi.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım çıxışında Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarındakı dağıdıcı fəaliyyətlərindən bəhs edib. O xüsusilə vurğuladı ki, Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanında olmağa davam edəcək.

Atası ilə, onun keçdiyi şərəfli döyüş yolu ilə qürur duyduğunu ifadə edən Vətən müharibəsi şəhidi İlqar Vəlizadənin oğlu Fuad Vəlizadə bildirib ki, Qarabağ işğaldan azad olunduğu üçün bu gün bütün şəhidlərimizin ruhu şaddır.

Vətən müharibəsi qazisi İlkin Rüstəmli bildirib ki, möhtəşəm Zəfərimizdən danışmaq qürurvericidir. Qazi bundan sonra da Vətən uğrunda döyüşməyə hazır olduğunu bildirib.

Polkovnik Erhan Altunok iştirakçılar qarşısında çıxış edərək şəhidlərin qəhrəmanlığının mənəvi önəmini xüsusi qeyd edib.

27 Sentyabr - Anım Günündə göstərdikləri həmrəyliyə görə, iştirakçılara səmimi minnətdarlığını ifadə edən Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov əminliklə bildirib ki, məhz şəhid və qazilərimizin rəşadəti sayəsində doğma vətənimizin adı hər zaman zirvələrdə olacaqdır.

Tədbir çərçivəsində Azərbaycan Ordusunun igidliyini tərənnüm edən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

Anım mərasimi şəhidlərin əziz xatirəsinə həsr olunmuş bədii proqramla yekunlaşıb. Tədbir Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR