Azərbaycan və İran arasında enerji sahəsində yeni layihələr müzakirə olunub

Şahin Mustafayevin İran İslam Respublikasının neft naziri Cavad Ovci ilə görüşü

© APA | Şahin Mustafayevin İran İslam Respublikasının neft naziri Cavad Ovci ilə görüşü

# 01 iyun 2022 19:09 (UTC +04:00)

Bu gün Baş nazirin müavini Şahin Mustafayev İran İslam Respublikasının neft naziri Cavad Ovci ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, Cavad Ovci Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.

Görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə həyata keçirilən uğurlu əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib.

İki ölkə arasında ali səviyyəli siyasi dialoqun mövcud olduğu bildirildi, Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında mütəmadi təmasların dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.

C.Ovci İranın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəklədiyini diqqətə çatdırıb.

Eyni zamanda yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də tərəflər arasında əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edilib. Bu baxımdan iki ölkə arasında martın 11-də imzalanmış İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulanıb.

Neft-qaz sahəsində uğurlu əməkdaşlığın davam etdiyi bildirilib. Türkmənistan qazının İran üzərindən Azərbaycana nəqli layihəsinin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub, enerji sektorunda həyata keçiriləcək bir sıra yeni layihələrə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR