Sahibə Qafarova Malayziya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova, Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədri Cohari Abdul ilə görüş

© APA | Milli Məclisin sədri Sahibə Qafarova, Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədri Cohari Abdul ilə görüş

# 30 yanvar 2023 10:21 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədri Cohari Abdul ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Milli Məclisin sədri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında iştirakdan məmnunluğunu bildirərək, bu cür platformaların ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gözəl fürsət olduğunu diqqətə çatdırıb. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyimizi deyən Milli Məclisin sədri bu illər ərzində Azərbaycan və Malayziya arasında əlaqələrin dərinləşməsinin məmnunluq doğurduğunu bildirib.

Azərbaycan və Malayziya parlamentlərinin parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığından danışan Sahibə Qafarova, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, qurumun Parlament Şəbəkənin yaradılması, onun təsis yığıncağı, Bakıda keçirilən birinci konfransı, hazırda təşkilatın institusional inkişafı üçün görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Sahibə Qafarova Parlament Şəbəkəsinin sədri olaraq Malayziya parlament nümayəndə heyətinin QHPŞ-nin Bakı konfransında iştirakını yüksək qiymətləndirib.

Milli Məclisin sədri, həmçinin yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı barədə də məlumat verərək, qeyd edib ki, Azərbaycan bu hücumun obyektiv və hərtərəfli araşdırılmasını tələb edir.

Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədri Cohari Abdul ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək, əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, xüsusilə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıqdan danışaraq bildirib ki, Malayziya Azərbaycan parlamenti ilə münasibətlərə, həmçinin Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsində fəaliyyətə böyük əhəmiyyət verir.

Söhbət zamanı bu cür görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyi qeyd olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin önəmi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR