XİN: Azərbaycan, Gürcüstan və Ermənistan birbaşa əməkdaşlıq edə bilər

Elnur Məmmədov

© APA | Elnur Məmmədov

# 17 iyun 2022 12:35 (UTC +04:00)

Son 6 ay ərzində Ermənistan və Azərbaycan arasında normallaşma istiqamətində bir sıra işlər görülüb.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında birbaşa təmas yaranıb: “Aprel ayında XİN rəhbərlərinin ilk telefon danışığı baş tutdu. Bu, son 30 ildə ilk telefon əlaqəsi idi. Nəhayət, sərhədlərin delimitasiya komissiyasının tərkibi razılaşdırıldı. Brüsseldə bu komissiyanın yaradılması barədə razılıq əldə olunub”.

Nazir müavini qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq istəyir: “Bu, asan deyil. Bunun üçün Ermənistan tərəfindən dayanıqlı mövqenin nümayiş olunmasını gözləyirik.

Biz Azərbaycan olaraq konkret təşəbbüslərin üzərində çalışmağa başladıq, təkliflər verdik. Üç ölkə (Azərbaycan, Gürcüstan və Ermənistan) birbaşa əməkdaşlıq etməklə regionu stabil, çiçəklənən bölgəyə çevirə bilər.

Amma Ermənistan hələ susur. Biz Gürcüstanla çox yaxın əməkdaşlıq edirik. 15 ildir bizim bu ölkə ilə böyük layihələrimiz var”.

XİN rəhbərinin müavini vurğulayıb ki, Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasının təklif edib və o əlavə edib ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı və hörmət etməlidir: “Biz Ermənistan tərəfindən beynəlxalq sərhədlərimizin tanınmasını istəyirik ki, gələcəkdə Ermənistanın Azərbaycanın suveren ərazilərini təhdid etməyəcəyina əmin olaq. Nəticədə biz illərlə davam etmiş münaqişə səhifəsini bağlamaq imkanı qazanacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR