XİN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

XİN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
# 05 noyabr 2022 12:15 (UTC +04:00)

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Nazir bildirib ki, artıq iki ildir Azərbaycan xalqı bayramı fərqli duyğularla qarşılayır, qeyd edir: “İki il öncə Azərbaycan xalqı öz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu gün ən şanlı parlaq səhifə olaraq xalqın qürur mənbəyinə çevrilib”.

Ceyhun Bayramov vurğulayıb ki, Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycana qarşı təcavüzkar siyasət yürüdüb, torpaqlarımızı işğal edərək etnik təmizləmə aparıb: “Bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq təşkilatların qətnamə və sənədləri qəbul olunub ki, bu sənədlər işğal faktını tanıyıb, erməni silahlı qüvvələrinin bu ərazilərdən çıxarılmasını tələb edib, ancaq Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan işğal siyasətini davam etdirib, qeyri-qanuni məskunlaşma siyasəti aparıb, qanunsuz fəaliyyət davam etdirilib, Azərbaycanın mədəni-dini, tarixi irsi məhv edilib, təbii resurslar talanıb”.

XİN başçısı vurğulayıb ki, Ermənistan danışıqların imitasiyası ilə məşğul olub, bu torpaqların ilhaqını həyata keçirməyə çalışıb: “Azərbaycan 30 ildə danışıqlara, sülh yolu illə həllə sadiqlik nümayiş etdirib. Ermənistan tərəfindən dağıdıcı və destruktiv siyasət yürüdülüb. "Yeni ərazilər uğrunda yeni müharibə" sloqanının geniş yayılması, qanunsuz məskunlaşmanın genişləndirilməsi, 2020-ci ilin iyulunda hərbi təxribatın həyata keçirilməsi, təmas xətti üzrə gərginliyin davam etdirilməsi Azərbaycanın məsələnin siyasi yolla həllinə sadiqliyinə baxmayaraq, bu münaqişənin hərbi yolla həllini labüd edib.

Azərbaycan öz beynəlxalq sərhədləri çərçivəsində beynəlxalq hüququnun norma və prinsiplərinə tam əməl etməklə əməliyyata başlayıb. 44 günlük müharibə dövründə işğalda olan ərazilər azad olunub. 300-dən artıq yaşayış məntəqəsi, strateji yüksəkliklər azad olunub. Şuşanın azad olunması Ermənistanın məğlubiyyətinin qaçılmaz olduğunu sübut edib və Ermənistan məğlubiyyət qarşısında bəyanatı imzalamağa məcbur olub. 10 noyabrda imzalanan üçtərəfli bəyanat döyüş meydanında qazanılan qələbənin masa arxasında təsdiqi və sübutu idi. Bu bəyanata əsasən münaqişə tarix oldu, ona son qoyuldu”.

Nazir diqqətə çatdırıb ki, üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan dərhal sənədin icrasına başlayıb, bəzi hallarda birtərəfli müsbət addımlar atılıb: “Beynəlxalq Qızıl Xaç Komitəsi 1770-dən artıq erməni hərbçisinin cəsədini qarşı tərəfə verib. Amma Ermənistan 30 ildə tam fərqli mövqe sərgiləyib. Biz 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı nə birbaşa, nə beynəlxalq təşkilatların vasitəsilə məlumat əldə edə bilmişik. 2021-ci ilin qışında Rusiya qazı Ermənistana Azərbaycan ərazisi ilə ötürülüb, Azərbaycan buna razılıq verib. Ölkəmiz delimitasiya prosesinə başlamaq təşəbbüsünü irəli sürüb, üçtərəfli komissiyada fəal iştirakını təmin edib. Azərbaycan sülh layihəsi ilə də bağlı təşəbbüslə çıxış edib”.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR