Soçi qələbəsi Brüsseldə də davam edəcək - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev,  Soçi görüşü

© APA | Azərbaycan Prezidenti İlham Əliyev, Soçi görüşü

# 28 noyabr 2021 11:00 (UTC +04:00)

44 günlük savaşda mühüm böyük Zəfər qazanan Azərbaycan 26 noyabr 2021-ci ildə Soçidə həmin qələbəni bir daha rəsmiləşdirdi. Bu dəfə rəsmi Bakı diplomatik müstəvidə böyük zəfərə nail oldu. Üçtərəfli görüşün nəticələrini təhlil edən yerli və xarici təhlilçilər, beynəlxalq media açıq şəkildə bəyan edir ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu. Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Leonid Slutski bəyan edib ki, Soçidə mühüm addım atıldı və bu, hamımızın çox ümid etdiyimiz kimi, Qarabağ münaqişəsinin yekun həllini yaxınlaşdıracaq.
Ermənistan baş naziri Nikol Paşinyanın görüşdən əvvəl verdiyi sərt bəyanatların heç birini danışıqlar masasında səsləndirilmədi. Ermənistanın baş naziri anlayırdı ki, eyni ritorikaya üstünlük versə, görüş pozulacaq və bunun bədəli ağır olacaq. Əslində, görüş öncəsi Paşinyan yalnız Azərbaycana deyil, eyni zamanda 10 noyabr bəyanatının müəlliflərindən olan Rusiyaya qarşı demarş edirdi. Soçidə isə bunu eləmək imkansız idi və Paşinyanın qarşısında bir yol qalırdı-Azərbaycanın şərtlərini qəbul etmək. Belə də oldu.
Rusiya Prezidenti Vladimir Putin də Paşinyanın “cığal uşaq taktikası”na üstünlük verdiyini anlayırdı, odur ki, İrəvanın qapısına ilk qol zərbəni özü vurdu. Tərəflər arasında bir-birinin ərazi bütövlüyünün və dövlət suverenliyinin tanınmasının və yekun sülh sazişinin imzalanmasının tezləşdirilməsinin vacibliyini bildirən Rusiya Prezidenti bu ilin sonuna qədər iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəlməyin önəmini vurğuladı və faktiki olaraq, Paşinyana “vaxt gözləmir”, “zaman Ermənistanın zərərinə işləyir” mesajını verdi.
V. Putin yalnız bəyanat verməklə kifayətlənmədi. O bildirdi ki, baş nazir müavinləri gələn həftə Moskvada görüşəcək, detalları müzakirə edəcəklər.
“Soçi görüşü” konkret nəticələr verdi. Əsas məqamlardan biri avtomobil və dəmir yollarının açılmasını nəzərdə qərarın qəbul edilməsidir. Kommunikasiyaların açılması ilə bağlı ümumi razılıq əldə edildi. Bu məsələdə Rusiya da maraqlıdır. Belə ki, Ermənistanla Rusiyanın quru yolu Gürcüstan üzərindəndir. Bu isə yol problemli yoldur. Bu məsələ ilə bağlı razılıq əldə etməklə Rusiya Azərbaycan üzərindən Ermənistana rahat və ucuz dəmir yolu və avtomobil yolu aça biləcək. Ermənistan da yolların açılması istəyir, lakin Paşinyan revanşistlərin təzyiqindən ehtiyat edərək, bunu bəyan edə bilmirdi. Azərbaycan isə bütövlükdə Zəngəzur dəhlizinin açılmasına çalışırdı. Bakı bu müstəvidə mühüm strateji qələbəyə də nail ola bildi. İlk uğurlu addımlar atıldı. Nəqliyyat və kommunikasiya dəhlizlərinin açılmasının vacibliyini Putin də Soçidə vurğuladı. Rusiya liderinin dəhliz ifadəsini işlətməsi isə Ermənistanın Zəngəzurdan dəhliz açılmasına qarşı çıxmasına ən gözəl cavab oldu.
Rusiya Prezidenti V.Putinin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsindən istifadə edərək, Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən dəstəkləndiyini nümayiş etdirdi və faktiki olaraq, Ermənistana “cızığından çıxma” mesajı verildi.
Azərbaycan Soçidə çoxyönümlü diplomatik uğur əldə edə bildi. Ən əsas məqam ondan ibarətdir ki, hər hansı şərt qoyulmadan Bakının bütün tələbləri sənəddə öz əksini tapdı.
“Soçi görüşü”nün daha bir mühüm önəmi ondan ibarət oldu ki, Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyəsi prinsip etibarilə tamamilə yeni müstəviyə transfer etmiş oldu. Bu məsələdə RF prezidenti V. Putinin rolu və müsbət çalışmaları danılmazdır. Kreml anlayır ki, istər sərhədlərin demarkasiya və demitasiyası, istərsə də Zəngəzur dəhlizində Bakı və Moskvanın maraqları üst-üstə düşür. Putin geosiyasi maraqların əlavə problemlər yaratmasının da qarşısını da ala bildi. RF liderinin Türkiyənin sülh prosesində müsbət rolu barədə açıqlaması da çox mətləblərdən xəbər verir.
Ankara da Kremlin Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətindən narazı deyil, bir çox addımlar atılarkən Türkiyənin də mövqeyi nəzərə alınır və bu, dayanıqlı sülhə nail olmaq istiqamətində mühüm məqamdır.
Ermənistanın sərgilədiyi anti-Rusiya ritorikası fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd etməsi İrəvanın dalana sıxışdırılması siyasətinin davamı da hesab edilə bilər. İkitərəfli əlaqələrin inkişaf dinamikasını olduqca müsbət adlandıran ölkə başçısı qarşılıqlı əlaqələrin bütün istiqamətləri üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlı olduğunu qeyd etdi. Prezidentin bu məqamları qeyd etməsi də təsadüfi deyildi. Rəsmi İrəvan Türkiyə-Azərbaycan münasibətlərini Bakının Kremldən uzaqlaşması kimi təqdim edir. Prezident İlham Əliyev bircə bəyanatı ilə Ermənistan siyasi elitasının bütün arqumentlərini darmadağın etdi. Dövlət başçısının Bakının Kremllə münasibətlərdə mühüm tərəfdaş olduğunu qeyd edərək onun vasitəçiliyindən məmnun olduğunu nümayiş etdirməsi İrəvanın son arqumentinin əlindən alınması anlamına gəlir.
Burada daha bir önəmli amilə nəzər salaq. Görüş öncəsi Paşinyan Qarabağ münaqişəsinin həll olunmadığını, separatçıların münaqişə tərəfi olduğunu bəyan edirdi. Lakin bəyanatda “Dağlıq Qarabağ münaqişəsi”, “ATƏT-in Minsk Qrupu” ifadələrinin yer almaması İrəvanın növbəti diplomatik məğlubiyyəti idi.
Ermənistan tərəfinin, eləcə də N. Paşinyanın əsir və ya girovlar məsələsini zaman-zaman səsləndirməsi fonunda Soçi sənədində bu məsələnin qeyd olunmaması İrəvanın qapısına vurulan növbəti cavabsız qol kimi də qiymətləndirilə bilər.
Beləliklə, Bakı İrəvan üzərində tam diplomatik qələbə əldə etdi. Azərbaycanın qələbəsini XİN-in bəyanatı da təsdiq edir. Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanıb. Qeyd olunub ki, münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi, bundan sonra da 26 noyabr Bəyanatında da əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək.
Soçidən sonra dekabrın 15-də Brüsseldə baş tutacaq görüş zamanı da bu qələbənin davam edəcəyi şübhəsizdir. Görüşlərin harada keçirilməsindən asılı olmayaraq, Bakı uduşlu mövqedədir, bunun qarşısını almaq isə imkansızdır.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR