Hidayət Orucov, Tahir Salahov və Maqsud İbrahimbəyov Rus Pravoslav Kilsəsinin “III dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edilib

Hidayət Orucov, Tahir Salahov və Maqsud İbrahimbəyov Rus Pravoslav Kilsəsinin “III dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edilib
# 29 aprel 2010 13:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına müntəzəm kömək göstərdiyinə görə Rusiyanın ali ruhani idarəsinin “III dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edilib. Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill aprelin 25-də Azərbaycanda rəsmi səfərdə olarkən ordeni Hidayət Orucovla yanaşı, digər təltifçilər Tahir Salahov və Maqsud İbrahimbəyova da təqdim edib. Təqdim etmə mərasimində Kirill deyib ki, Azərbaycan və Rusiya xalqları arasında tərəfdaşlıq, dostluq münasibətlərinin getdikcə möhkəmlənməsi həm Qafqaz, həm də dünya miqyasında sülhün qorunub saxlanılması üçün çox böyük əhəmiyyətə malikdir: “Azərbaycan – tolerant ölkədir. Tarix boyu yəhudilər, xristianlar və başqa konfessiya mənsubları burada sərbəst yaşayaraq öz ibadətlərini icra ediblər. Belə bir dini dözümlülük ənənəsi digər dünya ölkələri üçün örnək ola bilər. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin ölkələrimiz arasındakı sıx əlaqələrin qorunub saxlanılmasında fəaliyyətləri də xüsusi qeyd edilməlidir. Rus Pravoslav Kilsəsi məhz xeyirxah əməllərinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovu, Tahir Salahovu və Maqsud İbrahimbəyovu yüksək mükafata layiq görüb”.

Hər üç təltifçi çıxış edərək belə bir mükafat üçün təşəkkürlərini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR