Hacı Allahşükür Paşazadə: “Azərbaycanda insanların kütləvi şəkildə dinə meyl etməsi müstəqilliyin nəticəsidir”

Hacı Allahşükür Paşazadə: “Azərbaycanda insanların kütləvi şəkildə dinə meyl etməsi müstəqilliyin nəticəsidir”
# 09 iyul 2007 15:55 (UTC +04:00)
“Azərbaycanda dini durum sabitdir. Dini etiqad azadlığına riayət olunması başqa yerlərlə müqayisədə daha üstün səviyyədədir. Dövlət-din münasibətləri də yüksək səviyyədədir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə verdiyi açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə söyləyib. Şeyx deyib ki, ölkədə bu sahədə yalnız kiçik çətinliklər var ki, bunu da qeyri-ənənəvi təriqətlərin nümayəndələri yaradır. A. Paşazadə bu cəhdlərin qarşısını aldığını deyib. Sovet dövründə Azərbaycanda cəmi 18 məscidin fəaliyyət göstərdiyini bildirən A. Paşazadə indi bu rəqəmin 1400-1700 arasında olduğunu vurğulayıb. Son zamanlar insanların kütləvi şəkildə dinə meyl etməsi ilə bağlı məsələyə toxunan Allahşükür Paşazadə bunu daha çox müstəqilliyin əlaməti kimi dəyərləndirib: “Bu gün hər kəs öz dini etiqad seçimində azaddır”. Xaricdə dini təhsil alan azərbaycanlı gənclərin yad təsir altına düşməsi ilə bağlı məsələyə gəlincə A. Paşazadə deyib ki, xaricdə dini təhsil almağın əleyhinə deyil: “Nə qədər çox oxusalar, bir o qədər yaxşıdır. Ancaq onlar yad təsir altına düşməməli, azərbaycanlı olduqlarını unutmamalıdırlar. Mən yad təsiri altına düşən belə gənclərə çox az rast gəlirəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR