Allahşükür Paşazadə ABŞ səfiri ilə görüşüb

Allahşükür Paşazadə ABŞ səfiri ilə görüşüb
# 24 yanvar 2018 09:35 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə və mənəvi irsə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb.

QMİ sədri 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində “2017 — İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş beynəlxalq konfransın doğurduğu beynəlxalq rezonans barədə səfiri məlumatlandırıb. O qeyd edib ki, narahat dünyamızda mövcud təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, İslamdaxili həmrəylik və müxtəlif dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər.

QMİ sədri bildirib ki, Bakı Beynəlxalq Konfransının iştirakçıları müasir dünyada mövcud olan problem və çağırışları nəzərə alaraq, dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini zəruri sayaraq, bu prosesin davamlılığını təmin etmək məramı ilə “Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq” Mərkəzinin yaradılması barədə qərara gəliblər.

Azərbaycanda, QMİ yanında daimi fəaliyyət göstərəcək Mərkəzin Himayədarlar Şurasında və Məşvərət Şurasında müxtəlif dünya dinlərinin təmsilçilərinin yer aldığını bildirən Şeyxülislam A. Paşazadə ABŞ-dan da iki nümayəndənin burada üzv olduğunu deyib.

R. Sekuta isə dünyada gedən proseslər fonunda, dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verən faciəvi hadisələrin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi dinlərarası dialoq və əməkdaşlıq modelinin əhəmiyyətini xüsusi qeyd edib. O, ABŞ-dan bu önəmli təcrübənin öyrənilməsi məramı ilə xüsusi nümayəndə heyətinin ölkəmizə baş tutmuş səfəri barədə məlumat verib. Azərbaycanda, bölgədə sülh, dinlərarası dialoq mühitinin təmin olunması işində İslam dünyasının nüfuzlu şəxsiyyətlərindən biri kimi dəyərləndirdiyi A. Paşazadənin böyük rolu olduğunu bildirən səfir ötən ilin sentyabrında QMİ sədrinin bütün ermənilərin Katolikos-Patriarxı II Qareginlə Moskvada baş tutan görüşünün də bu baxımdan xüsusi önəmini vurğulayıb.

Səfir ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlaması işinə xidmət edən belə təmasları yüksək dəyərləndirdiklərini Şeyxülislamın diqqətinə çatdırıb.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR