Azərbaycanda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda respublika konfransı keçirilir - FOTOSESSİYA

Azərbaycanda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda respublika konfransı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 14 noyabr 2012 10:25 (UTC +04:00)

APA-nın məlumatına görə, konfransın açılış mərasimində çıxış edən İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, digər insan hüquqları kimi, dini etiqad azadlığı da ictimai təhlükəsizliyi və dövlətin maraqlarını təhdid etdiyi təqdirdə məhdudlaşdırıla bilər. O, həmçinin dini təriqətlər və təhlükəsizlik məsələlərindən bəhs edib: “Qədim dövrlərdən digər dinlərə loyal münasibət göstərən tolerant dövlət və zəngin tarixə malik Azərbaycanda həm xristianlar, həm yəhudilər, həm də müsəlmanlar sülh və bir-birinə hörmət şəraitində yanaşı yaşayıblar. Təəssüf ki, hazırda bəşəriyyət inkişafın müasir mərhələsində mövcud olan dinlərin parçalanmasına istiqamətlənib, ölkə, cəmiyyət və insan təhlükəsizliyinə ciddi hədə olan destruktiv, radikal dini təriqətlərlə qarşılaşıb”.

A. Mustafayevanın sözlərinə görə, Azərbaycanda yüzlərcə təriqət qeydə alınıb: “Onların arasında dinc, zərərsiz təriqətlər mövcud olsa da, millətin genofonduna, ölkəmizin milli maraqlarına və təhlükəsizliyinə ciddi təhlükə təşkil edənləri də az deyil. Maddi imkanlara sahib olan dini təriqətlər təşkilatlara və fərdi şəxslərə humanitar yardım göstərmək adı ilə, əsasən gənclərə arxayın olaraq, öz sıralarına Azərbaycan vətəndaşlarını cəlb etmək üçün aktiv iş görür. Bu, Azərbaycanın milli maraqlarına, genofonduna ciddi təhlükədir. Din adı altında bu cür təşkilatların xarici nümayəndələri ölkənin strateji vəziyyətini müəyyən edən proseslər haqqında ictimai-siyasi, iqtisadi, hərbi və digər məlumatları toplamaq imkanı verən strukturlar yaradırlar. Ona görə də, destruktiv təriqətçiliyə və xarici missionerlərə milli təhlükəsizliyin maraqlarına potensial təhlükə kimi xüsusi diqqət yetirilməlidir”. A. Mustafayeva destruktiv və dini törəmələrdən irəli gələn təhlükələri nəzərə alaraq, onların qeydiyyat qaydalarını sərtləşdirməyin və bu qurumların ölkənin gənc nəslinə təsirinin hədə yaradan məqamlarına daha ciddi yanaşmağın zəruriliyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov vicdan azadlığının rolundan danışıb. Onun sözlərinə görə, müasir qloballaşan dünyada baş verən mürəkkəb siyasi kataklizmlər, etnik-dini münaqişələr, aqressiv separatçılıq və dini ekstremizm, terrorizm kimi təhdidlər beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi maneə olaraq qalmaqdadır: “Bu baxımdan, dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi, bilavasitə cəmiyyət həyatında vicdan azadlığı meyarlarının düzgün müəyyənləşdirilməsindən asılıdır”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bildirib ki, Azərbaycan hər zaman müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. Onun sözlərinə görə, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. A. Paşazadə Azərbaycanda din-dövlət münasibətlərinin sarsılmaz zəmində olduğunu və bu birliyin həmişə dövlətçiliyin möhkəmlənməsinə, vətəndaş həmrəyliyinə və ictimai-siyasi həyatda uğurlara xidmət etdiyini vurğulayıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeyin, Bakı Dağ Yəhudiləri Dini İcma İdarəsinin sədri Milix Yevdayev Azərbaycanın müxtəlif konfessiyaların dinc yanaşı fəaliyyət göstərdiyi tolerant ölkə olduğunu söyləyərək, burada bütün dinlərə bərabər şərait yaradıldığını qeyd ediblər. Tədbirdə bildirilib ki, dini icmaların dəstəklənməsi dövlət səviyyəsində həyata keçirilir və bu, xalqlarımız arasında uzun əsrlərdən bəri mövcud olan dost və qarşılıqlı anlaşma münasibətlərini daha da möhkəmləndirir.

Konfransın birinci günü plenar sessiyada “Azərbaycanda dini sektalar və təhlükəsizlik məsələləri”, “Siyasi modernləşmə prosesləri və din-dövlət münasibətlərinin dinamikası” və digər mövzularda məruzələr dinlənilib.

Müzakirələr zamanı Azərbaycanda din və etiqad azadlığının hüquqi, siyasi və ictimai aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələlərlə bağlı təklif və mülahizələrini bildirilib.

Konfrans noyabrın 15-də də öz işini plenar sessiyalarda davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR