Elşad İskəndərov: “Son zamanlar zərərli cərəyanlar din adı altında öz ideologiyalarını yaymağa çalışırlar”

Elşad İskəndərov: “Son zamanlar zərərli cərəyanlar din adı altında öz ideologiyalarını yaymağa çalışırlar”
# 22 avqust 2013 09:01 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün Sumqayıt şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt-Abşeron bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məsələlərinə dair çıxışlar olub.

Konfransın açılışında çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib ki, Sumqayıtdakı toplantı Azərbaycanın müxtəlif bölgələrində keçirilən analoji silsilə tədbirlərin altıncısıdır. Komitə sədri bildirib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdış prosesi sürətlənib. Son illərdə milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran E. İskəndərov ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə təmir-bərpa olunan ibadət evləri, ziyarətgahların sayının artdığını da bildirib.

E. İskəndərov Dövlət Komitəsinin gündəlik fəaliyyətində dini icmalarla işin əsas prioritet təşkil etdiyini diqqətə çatdıraraq qeyd edib ki, əsas məqsəd dini maarifləndirmənin gücləndirilməsi və düzgün istiqamətdə inkişaf etdirilməsidir: “Son zamanlar zərərli cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışırlar. Biz bunu dünyanın müxtəlif ölkələrində görürük. Azərbaycanda bu istiqamətdə problem nəzərəçarpacaq dərəcədə olmasa da, deyə bilmərik ki, biz bundan tam sığortalanmışıq. Amma düzgün dini təbliğat, insanlara dinimizi mükəmməl şəkildə çatdırmaq dini icmaların üzərində olan əsas vəzifədir. Odur ki, dini icmalar bu işdə xüsusilə fəallıq göstərməlidirlər. Dini icmalar öz gündəlik fəaliyyətlərində ölkəmizin inkişafı üçün bütün imkanlardan istifadə etməli və dövlətimizin daha da güclənməsi naminə fəaliyyətlərini daha da genişləndirməlidirlər”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Dövlət Komitəsinin bu təşəbbüsü ölkədə dini maarifləndirmənin gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. E. Əzizov ölkədə dini sahəyə olan diqqət və qayğıdan da danışıb.

Milli Məclisin deputatı Musa Qasımlı, Qafqaz Müsəlmanları İdarəsi sədr müavini Fuad Nurullayev ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, son dövrlər Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Çıxış edən din xadimləri daha çox son bir ildə dini maarifçilik işinin genişləndirilməsi, dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin gücləndirilməsi və tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirdiyi kompleks tədbirləri müsbət dəyərləndiriblər.

Tədbirdə eyni zamandan vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətdə “Qazi Qarabağ azanı” layihəsi, dini maarifləndirmə işinə dəstək istiqamətində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Dövlət Komitəsinin dəstəyi ilə “Axund və imamlar üçün xütbə vəsaiti”, ölkədə tolerantlığın inkişafına xidmət edəcək Milli Tolerantlıq Mərkəzinin yaradılması xüsusi olaraq qeyd edilib.

Daha sonra Konfrans plenar iclaslarla öz işini davam etdirib. Plenar iclaslarda “Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı”, “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, “İslamın radikalizmə və ifratçlığa qarşı münasibəti”, “Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası”, “Vəhdət naminə məzhəblərarası dialoq”, “Vətənpərvərlik milli-mənəvi dəyər kimi”, “Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzularında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, regional konfransda ümumilikdə 150-dən artıq nümayəndə iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR