Şeyxülislam: “Sünni və şiələr eyni gündə bayram namazı qılacaq, başqa cür ola bilməz”

Şeyxülislam: “Sünni və şiələr eyni gündə bayram namazı qılacaq, başqa cür ola bilməz”
# 26 may 2016 10:08 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı məzhəb ayrı-seçkiliyi salınmasından narahat olduğunu bildirib və dindarlara bununla bağlı xəbərdarlıq edib.

APA-nın məlumatına görə, Şeyxülislam QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, idarənin vahid təqvimi var. Bu, rəsədxana ilə birgə hazırlanıb, hamı eyni təqvimdən istifadə etməli, ayrı-seçkiliyə yol verilməməlidir.



Allahşükür Paşazadə qeyd edib ki, bəzi qüvvələr kənardan düzgün olmayan təqvimlər gətirir: “Bu, təxribatdır, bütün dindarlar diqqətli olmalıdır, bu istiqamətdə müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməlidir”.

QMİ sədri bildirib ki, bəzi qüvvələr Azərbaycanda məzhəb ayrı-seçkiliyi yaratmağa, sabitliyi pozmağa çalışır: “Bunlara imkan vermək olmaz. Məsələn, iyulun 6-sı bayramdırsa, bütün sünni və şiələr eyni gündə bayram namazı qılacaqlar. Başqa cür ola bilməz”.

A. Paşazadə deyib ki, Ramazan ayında oxunan moizələrdə dini məsələlərlə yanaşı, vətənpərvərlik də təbliğ olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR