Şeyxülislam Allahşükür Paşazadə İnquşetiyaya səfər edəcək

Şeyxülislam Allahşükür Paşazadə İnquşetiyaya səfər edəcək
# 13 may 2015 12:03 (UTC +04:00)

Bakı-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 14-də Rusiya Federasiyasının İnquşetiya Respublikasının Maqas şəhərinə səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər İnquşetiya Respublikasının prezidenti Yunusbek Yevkurovun şəxsi dəvəti əsasında həyata keçirilir. Səfərdə məqsəd 14 may tarixində Maqasda «Dində mötədillik - sülh, dinc qonşuluq və tərəqqiyə gedən yoldur» mövzusunda keçiriləcək Beynəlxalq İlahiyyat Konfransında iştirak etməkdir.

QMİ sədrinin himayədarlığı ilə keçiriləcək tədbirdə çox sayda müsəlman dini liderinin, Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələrinin, habelə Ümumdünya müsəlman alimləri birliyinin baş katibi Əli Əl-Karadaginin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Konfransda ictimai əxlaq məsələlərinə dair ilahiyyat bəyannaməsinin, 3 ibrahimi din adından bəyanatın və digər yekun sənədlərin qəbulu nəzərdə tutulur.

Şeyxülislam A. Paşazadəni səfərdə Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və birinci müavini Müfti Salman Musayev müşayiət edəcəklər.

QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam A. Paşazadə Maqas Beynəlxalq İlahiyyat Konfransında məruzə ilə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR