ETSN: Leysan yağışlar sürüşmə sahələrində aktivləşməyə səbəb olmayıb

ETSN: Leysan yağışlar sürüşmə sahələrində aktivləşməyə səbəb olmayıb
# 05 sentyabr 2016 11:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Son günlər yağan leysan xarakterli yağışlar mövcud sürüşmə sahələrində ciddi aktivləşməyə səbəb olmayıb”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib. O bildirib ki, mövcud sürüşmə sahələrində sürüşmə səthləri üzərində yalnız kiçik dərinlikli yarğanların əmələ gəlməsi və səthi yuyulma proseslərinin inkişafı ilə nəticələnən proses baş verib: “Yəni sürüşmə kütləsi təhlükəli duruma gəlməyib. Gədəbəy, Tovuz, Şəki, Balakən, Qaxdakı mövcud sürüşmə sahələrində geoloji araşdırmalar aparılıb. Bir neçə mövcud sürüşmə sahəsi aktiv fazada olsa da, son leysan xarakterli yağışlar sürüşmə kütləsinin dərinliyinə nüfuz edə bilməyib, kütlə üzərində hərəkət edərək müəyyən səthi yuyulmalar və axma tipli proseslərin inkişafına səbəb olub”.

S. Əmiraslanov qeyd edib ki, cənub bölgəsindəki sürüşmə və uçqun sahələrində axma tipli proseslərin davam etməsi müşahidə olunub: “Bu kütlənin bilavasitə aktivləşməsi demək deyil. Nəticədə kütlə üzərində olan müəyyən kiçik dərinlikli və kiçik uzunluqda yarğanlar əmələ gəlib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR