ABŞ-ın sabiq prezidenti Bil Klinton və demokratların prezidentliyə namizədi Hillari Klintonun xeyriyyə fondu olan Klinton Fondu Qətər hakimiyyətindən 1 milyon dollar qəbul etdiyini və bu barədə Dövlət Departamentini xəbərdar etmədiyini etiraf edib.
APA-nın “Fox News” telekanalına istinadən verdiyi məlumata görə, bu, bu ilin oktyabrında “WikiLeaks” saytında “Clinton Foundation” əməkdaşının bir yazışmasının dərc olunmasından sonra məlum olub.
“Clinton Foundation” əməkdaşı yazışmasında qeyd edib ki, Qətər təmsilçiləri 2012-ci ildə Nyu-Yorkda B. Klintonla görüşmək istədiklərini və 2011-ci ildə ad günü münasibəti ilə vəd edilən 1 milyon dollarlıq çeki ona vermək istədiklərini bildiriblər. Telekanalın məlumatında vurğulanıb ki, Klinton Fondu Dövlət Departamentini məlumatlandırmadan 1 milyon dolları Qətər hakimiyyətinin hədiyyəsi kimi qəbul etdiyini etiraf edib.
Federal Təhqiqat Bürosu (FTB) Klinton Fondunun fəaliyyəti ilə bağlı araşdırma aparır. FTB Klinton Fondunun pul müqabilində xidmət göstərib-göstərmədiyini, bu yardımın həmin dövrdə dövlət katibi olan H. Klintonla bağlı olub-olmadığını üzə çıxarmağa çalışır.