Azərbaycanla ABŞ arasında enerji məsələləri müzakirə edilib

Azərbaycanla ABŞ arasında enerji məsələləri müzakirə edilib
# 04 dekabr 2023 17:25 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərində energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb. Görüş Dubayda COP 28 çərçivəsində yaradılan Azərbaycanın milli pavilyonunda baş tutub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Cefri Pyatt əvvəlcə Azərbaycanın milli pavilyonu ilə tanış olub və ölkəmizin “yaşıl enerji” və iqlim siyasəti, hədəfləri, həyata keçirilən “yaşıl inkişaf” kursu barədə məlumatlandırılıb.

Görüşdə isə metan emissiyalarının azaldılması, Azərbaycanda quruda və dənizdə “yaşıl enerji” güclərinin yaradılması, hidrogen istehsalı və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə elektrik enerjisi və “yaşıl hidrogen”in ötürülməsi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib. 2027-ci ilədək 1870 MVt həcmində bərpa olunan enerji güclərinin ölkənin enerji sisteminə inteqrasiya ediləcəyi, növbəti mərhələdə isə Avropaya ixrac məqsədilə dənizdə meqa istehsal güclərinin yaradılacağı, bu məqsədlə həyata keçirilən texniki-iqtisadi əsaslandırması başa çatdıqdan sonra tikinti prosesinin başlanacağı bildirilib.

Söhbət zamanı Mərkəzi Asiya ölkələrinin Azərbaycan vasitəsilə bu dəhlizə qoşulması perspektivləri nəzərdən keçirilib. Azərbaycandan keçməklə Mərkəzi Asiyadan Avropa İttifaqına “yaşıl enerji” körpüsünün yaradılması ABŞ Dövlət katibinin köməkçisi tərəfindən maraqla qarşılanıb.

***

17.25

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə Azərbaycanın milli pavilyonunda görüşdük. Metan emissiyalarının azaldılması, "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" və Mərkəzi Asiya ilə Aİ arasında Azərbaycan vasitəsilə enerji körpüsünün yaradılması barədə müzakirələr apardıq”, - paylaşımda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR