Dünya Bankı: Dekarbonizasiyaya investisiyaların sürətləndirilməsi Azərbaycanın marağındadır

Dünya Bankı: Dekarbonizasiyaya investisiyaların sürətləndirilməsi Azərbaycanın marağındadır
# 29 noyabr 2023 09:40 (UTC +04:00)

İqlimlə bağlı operativ tədbirlər Azərbaycana aşağı karbon yüklü iqtisadiyyata qlobal keçidlə bağlı yaranan riskləri minimuma endirməyə və Azərbaycan xalqının həyat səviyyəsini qorumağa kömək edə bilər.

APA-Economics” xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun bu gün dərc olunmuş Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatında (CCDR) deyilir.

Qeyd olunur ki, ölkə iqtisadiyyatı ÜDM-in üçdə birini və ixracın 90%-ni təşkil edən neft-qaz sektorundan əhəmiyyətli dərəcədə asılıdır. Mövcud neft ehtiyatlarının azaldığı və daha 25 il kifayət edəcəyinin gözlənildiyi bir şəraitdə kompleks və effektiv dekarbonizasiya səyləri iqtisadiyyatı şaxələndirməyə və yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə rəvac verəcək.

Hesabata əsasən, Azərbaycan həmçinin iqlim dəyişikliyi ilə əlaqədar ciddi fiziki risklərlə üzləşir. Demək olar ki, bütün ölkə ərazisi həm quraqlığa, həm də su qıtlığına məruz qalır və ekstremal hava şəraiti səbəbindən onların tezliyinin və intensivliyinin artacağı gözlənilir. Eyni zamanda, ölkənin təbii sərvətləri torpağın deqradasiyası, səhralaşma və ifrat otarılma nəticəsində zədələnir və bu, kənd təsərrüfatına mənfi təsir göstərir. Eyni amanda, neft-qaz hasilatı da torpağın deqradasiyasına və su ehtiyatlarının çirklənməsinə təsir göstərmişdir.

“Qlobal dekarbonizasiya səylərinin tempindən asılı olmayaraq, dekarbonizasiyaya investisiyaların sürətləndirilməsi Azərbaycanın marağındadır. Bu səylər həm də iqtisadiyyatın şaxələndirilməsini nəzərdə tutan milli məqsədlərə uyğundur”, deyə Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Rolande Pryce bildirmişdir. “Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatında (CCDR) ölkəyə hədəflərin müəyyən edilməsindən Azərbaycan iqtisadiyyatını və ölkə əhalisini iqlim dəyişikliyinin mənfi təsirlərindən qoruya biləcək tədbirlərin həyata keçirilməsinə keçid üçün praktiki yol təqdim olunur”.

Azərbaycan iqlim dəyişikliyi üzrə Paris Sazişini imzalasa da, hələ ki, ölkə üzrə emissiyaların xalis sıfır səviyyəsinə çatdırılması ilə bağlı üzərinə hər hansı öhdəlik götürməmişdir. Bununla belə, ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35%, 2050-ci ilə qədər isə 40% azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirmişdir. Hesabatda deyilir ki, dekarbonizasiya üzrə öhdəliklərini gücləndirməsinə baxmayaraq, Azərbaycan hələ də öz milli hədəflərinə çatmaq trayektoriyasına qədəm qoymamışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR