“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir

“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
# 17 may 2024 17:29 (UTC +04:00)

Rumıniyanın “Romgaz” dövlət qaz şirkəti Moldovada təbii qazın tədarükü üçün lisenziya almaq niyyətindədir.

APA-Economics”in “Romqaz”ın rəsmi məlumatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin baş direktorunun müavini Aristotel Jude bildirib.

“Yaxın vaxtlarda “Romgaz” Moldova Respublikası ərazisində təbii qazın tədarükü üçün lisenziya almaq məqsədi ilə lazımi addımları atacaq. Əminik ki, “Romgaz” şirkətinin Moldova Respublikasında olması və təbii qazın Moldovada mərkəzləşdirilmiş bazarda ticarəti bu ölkədə təbii qaz bazarının liberallaşdırılmasına istehlakçıların xeyrinə real qiymətin müəyyən edilməsi üçün lazımi şəraitin yaradılmasına səmərəli töhfə verəcək”, - Aristotel Jude qeyd edib.

Bildirilir ki, mayın 16-da Moldova Dövlət Xidmətləri Agentliyi Kişinyovda “Romgaz”ın filialını qeydiyyatdan keçirib.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. Onu da əlavə etmək lazımdır ki, Moldova Azərbaycan qazı almaq niyyətində olan ölkələr sırasındadır.

Xatırladaq ki, 2023-cü il fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində SOCAR və “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb. Saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan sənədlərin davamı hesab olunur.

Belə ki, 2022-ci il dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında Azərbaycan Respublikasından Rumıniyaya qaz tədarükünə dair müqavilə imzalanıb. Müqavilə 2023-cü il yanvarın 1-dən TAP-ın Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur. Bundan əlavə, 2022-ci il oktyabrın 19-da SOCAR ilə “Romgaz S.A” arasında Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR