Cari ilin yanvar-avqust aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 26 476,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,3% azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 56,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 14 875,8 mln. kubmetr qaz ötürülüb (2%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub. Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).