Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldızın rəhbərliyi ilə TARSİM nümayəndə heyəti oktyabrın 1-də Azərbaycana səfərə gəlib.
"APA Economics" xəbər verir ki, 1-5 oktyabr tarixlərində davam edəcək səfər zamanı nümayəndə heyətinin Aqrar Sığorta Fondu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Mərkəzi Bankı və sair qurumlarda görüşləri nəzərdə tutulur.
Səfər zamanı Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatı ilə Azərbaycanın Aqrar Sığorta Fondu arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın işğaldan azad olunan ərazilərinin inkişafında aqrar sığortanın rolu, aqrar sığorta mexanizminin tətbiqi üzrə Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi məsələləri müzakirə ediləcək.
Səfər zamanı 4 oktyabr tarixində Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində «Azərbaycanda kənd təsərrüfatında aqrar sığortanın tətbiqi və perspektivləri» mövzusunda tədbir keçiriləcək.
Səfərin ilk iş günündə, oktyabrın 2-də saat 11-də Aqrar Sığorta Fondunda Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının nümayəndə heyəti və Aqrar Sığorta Fondunun rəhbərliyi arasında görüş keçiriləcək.