Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın Ankarada rusiyalı hərbi nümayəndələrlə görüşüb

Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın Ankarada rusiyalı hərbi nümayəndələrlə görüşüb
# 10 fevral 2020 23:33 (UTC +04:00)

Ankarada olan rusiyalı hərbi nümayəndə heyətinin Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalınla İdlib mövzusunda görüşü olub.

APA-nın yerli bürosunun xəbərinə görə, görüşdən sonra mətbuata verilən açıqlamada bildirilib ki, Rusiya və Türkiyə tərəfləri arasında danışıqlarda son bir həftədə İdlibdə baş verən gərginliyin artması, hərbi və canlı itkilərin olması qınanılıb.

Türkiyə Prezidenti Administrasiyası tərəfindən yayılan açıqlamada bildirilib ki, İdlibdə Türkiyənin 12 müşahidə nöqtəsi Rusiya ilə qəbul edilmiş Astana protokolundan sonra yaradılıb və hazırda bu müşahidə nöqtələrinə Suriyada Əsəd rejiminin hücum etməsi bu protokolun tələblərini pozur. Həmçinin Suriya mövzusunda Rusiya və Türkiyə liderlərinin arasında bağlanan Soçi müqaviləsinin şərtlərinə əməl edilməməsinə də Türkiyə tərəfi etitazını bildirib: “Soçi razılaşmasında Suriya ilə Türkiyə arasında vasitəçilik rolunu üzərinə götürən Rusiya Federasiyası öz öhdəliklərini yerinə yetirməlidir. Türkiyənin məqsədi Suriyada axan qanın dayanması, itkilərin qarşısının alınması, siyasi prosesin aktiv olması, köçkünlərin didərgin həyatına son qoyulmasıdır. Soçi müqaviləsinin tələbləri pozulmaqda davam edərsə və əsgərlərimizə edilən hücumlar dayandırılmazsa, Türkiyə öz müdafiəsi üçün addımlar atmağa qərarlıdır”.

Qeyd edək ki, fevralın 3-də və bu gün Əsəd rejimi Türkiyə ordusunun müşahidə məntəqələrini atəşə tutub və bir həftə ərzində Türkiyə ümumlikdə 13 şəhid verib.

İdlibdəki son gərgin vəziyyətlə bağlı keçən həftə Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin və Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi səfir Aleksandr Lavrentyevin rəhbərliyi ilə Ankaraya xüsusi hərbi heyət səfər edib.

Türkiyə Xarici İşlər nazirinin müavini Sədat Önal, Müdafiə Nazirliyi, Baş Qərargahın və Milli Təhlükəsizlik İdarəsinin yüksək səviyyəli nümayəndələrinin rusiyalı heyətlə keçən həftə 3 saatlıq, bu gün isə 4 saatlıq danışıqları olub.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün bildirib ki, rusiyalı və türkiyəli diplomatların birgə müzakirələrindən sonra, qənaətbəxş qərar olmazsa, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin bu məsələ ilə əlaqədar yenidən görüşəcəyi gözləniləndir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR