Brilliant Dadaşovanın piratlar tərəfindən hazırlanan albomu satışdan yığışdırılıb

Brilliant Dadaşovanın piratlar tərəfindən hazırlanan albomu satışdan yığışdırılıb
# 12 noyabr 2008 11:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın Türkiyədə işıq üzü görən “Masal dünyam” adlı albomunun Bakıda piratlar tərəfindən hazırlanan saxta variantı satışdan yığışdırlıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xalq artisti Briliant Dadaşova deyib. O bildirib ki, albom biri Azərbaycan, digəri isə türk dilində olmaqla, iki diskdən ibarətdir: “Azərbaycanda rəsmi satıcılarla danışıqlara əsasən albomun satış qiyməti 10 manatdan baha olmamalıdır. Buna baxmayaraq, “pirat” adlandırdığımız halal zəhmətdən uzaq olanlar çox keyfiyyətsiz tərzdə disklərin surətlərini çıxarıblar. Piratlar tərəfindən buraxılan albom bir neçə həftə satışda oldu. Ən dəhşətli məqamlardan biri odur ki, saxta disklər bir çox yerdə orijinal albom qiymətinə satılırdı. Müvafiq qurumlara müraciət etdikdən sonra saxta albomlar satışdan yığışdırıldı. Bir müğənni kimi hesab edirəm ki, hər şeyin orijinalı daha gözəl olur. Siz hər şeyin ən yaxşısına layiqsiniz. Zövqünüzü korlamayın”.

Sənətçi xatırladıb ki, Türkiyə tərəfi pirat problemi ucbatından albomun Azərbaycana aparılmasını istəmirdi: “Lakin mən xalqımın keyfiyyətli musiqiyə olan tələbatını düşünən bir müğənni kimi buna razı ola bilməzdim. Orijinal disklərdən ibarət albomun bir hissəsini özümlə vətənə gətirdim. Onu da bildirim ki, albomu Azərbaycanda satdırmaqla heç bir qazanc məqsədi güdmürəm. Müqayisə üçün deyim ki, belə keyfiyyətli disklər Avropada ən azı 30-40 dollara satılır”.

B. Dadaşova açıqlamasının sonunda bu sahə üzrə fəaliyyət göstərən qurumları, Müəllif Hüquqları Agentliyini və bütün həmkarlarını piratlarla mübarizə kampaniyasına qosulmağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR