İlhamə Quliyeva: “Sərxan Kərəmoğlu milyonlarla tamaşaçı qarşısında üzr istəsə belə, onu bağışlamayacağam”

İlhamə Quliyeva: “Sərxan Kərəmoğlu milyonlarla tamaşaçı qarşısında üzr istəsə belə, onu bağışlamayacağam”
# 24 noyabr 2008 10:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti İlhamə Quliyeva Moskvadakı Nəsibə Zeynalova adına Teatrın direktoru Sərxan Quliyev (Kərəmoğlu) və xalq artisti Flora Kərimovanın mətbuatda onun haqqında yanlış məlumatlar yaymaları iddiası ilə bu gün açıqlama yayıb. APA-nın məlumatına görə, İ.Quliyeva açıqlamasında F. Kərimovanın Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə yazılan şikayət ərizəsinin onun deyil, mətbuat katibinin yazması ilə bağlı açıqlamasına da münasibət bildirib: “Həmin insan hadisələrə başqa cür müdaxilə edə bilmədiyindən mənim adından yanlış məlumatlar yayır. Guya Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə yazılan şikayət ərizəsini mən yox, mətbuat katibim Faiq Ələkbərli yazıb. Elə bunu deməklə də, o bütün günahı sözçüsü Sərxan Kərəmoğlunun üzərinə atır. Şou aləmində kim olduğu bəlli olmayan Sərxan Kərəmoğlunun məhkəmə çəkişməsi davam etdiyi ərəfədə qarşı tərəf və onun himayədarları mətbuata yanlış məlumatlar ötürməklə oxucuları çaşdırmağa çalışırlar. Sərxan Kərəmoğlu isə açıqlamasında sonuncu məhkəmədə iştirak edən qohumlarımın barışıq üçün ona minnətçi düşdüklərini bəyan edib. Bütün bunlara aydınlıq gətirmək məqsədilə bir daha bəyan edirəm ki, şikayət ərizəsini özüm yazmışam və bunun əksini göstərən bir cümlə belə işlətməmişəm. Ona görə də Flora Kərimovanın yersiz canyananlığına ehtiyac yoxdur və bu, yalnız ara vurmaq məqsədi daşıyır. S.Kərəmoğluna gəlincə isə, ac toyuq həmişə yuxusunda darı görər. Mən nəinki ona minnətçi düşərəm, əksinə, S.Kərəmoğlu milyonlarla tamaşaçı qarşısında üzr istəsə belə, onu bağışlamayacağam”. İ.Quliyeva bildirib ki, S.Kərəmoğlunun və onun tərəfdarlarının yeganə məqsədi oxucuları aldatmaq, əhali arasında yanlış fikir formalaşdırmaqdır: “Amma ağı qaradan seçməyi bacaran xalqımız kimin kim olduğunu aydın görür və deyilənlərin yalan olduğunu, şou yaratmaqla gündəmdə qalmaq naminə deyildiyini anlayır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR