Sərxan Sərxan: “Özümü Azərbaycanda qonaq hesab edirəm”- MÜSAHİBƏ

Sərxan Sərxan: “Özümü Azərbaycanda qonaq hesab edirəm”- <font color=red>MÜSAHİBƏ</font>
# 24 aprel 2009 09:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. SSRİ-nin əməkdar artisti, Moskvada yaşayan azərbaycanlı müğənni Sərxan Sərxanın APA-ya müsahibəsi

- Azərbaycana bu səfər çərçivəsində hər hansısa bir layihə həyata keçirməyi düşünürsünüzmü?

- Yox, planımda heç bir layihə həyata keçirmək yoxdur. Sadəcə ildə iki-üç dəfə Vətənə gəlir və yaxınlarıma baş çəkirəm. Burada hər şey çox dəyişib. Mən özümü Bakıda ancaq bir qonaq kimi görürəm. Artıq buranın səhnəsi mənə heç uyğun gəlmir. Lap açıq desəm, burada özümü yad hesab edirəm.

- Buna səbəb nədir?

- Çünki, buradakı müğənnilərin hamısı ancaq toy mədəniyyətinə malikdirlər. Mən də isə səhnə mədəniyyətidir. Sözün düzü, bu məsələdə təkcə bizim yazıq müğənniləri də qınamaq düzgün deyil. Bəlkə də onlar səhnə mədəniyyətini istəyərdilər, ancaq səhnə tapa bilmirlər... Puldan ötrü ancaq toy səhnəsində olurlar. Səhnə mədəniyyəti yoxdur, olanda artıq ölüb. Mənim mədəniyyətim isə toy mədəniyyəti ilə uyğun gəlmir. Ona görə də özümü burada heç görmürəm və buranın atmosferini özümə yad hesab edirəm.

- O zaman heç Azərbaycan toylarının səviyyəsi ilə də razı deyilsiniz... Özünüzü heç Azərbaycan toy səhnəsində görmürsünüz?

- Bəli razı deyiləm. Ona görə ki, adət-ənənə itib, heç kim bir-birinə qulaq asmır. Şəhər əhalisi, ziyalılardan ibarət toy olanda qonaq kimi iştirak edirəm və beş mahnı oxuyub gedirəm. Moskvada da toylar, yubileylər olur və məni çağırırlar. Ancaq Moskvadakı mərasimlərdə daha çox ziyalılar olur. Burada mən qonaq kimi toya getmişdim və gördüklərim məni təəssüfləndirdi. Fikir verdim ki, heç kəs müğənniyə qulaq asmır, heç səsə qulaq asmır ki, görək bu nə oxuyur, necə oxuyur. Çox qəribədir ki, müxtəlif səbəblərə görə Bakıdan Moskvaya gedən azərbaycanlılar müğənniyə diqqətlə qulaq asırlar. Bu da bir mədəniyyətdir, tamaşaçı mədəniyyəti...

- Azərbaycandan kənarda Azərbaycan üçün heç darıxmırsınız?

- Darıxıram, niyə darıxmıram ki... Ancaq özümü görmürəm burada. Həmişə düşünürəm ki, görəsən Bakıya qayıtsam, burada nə ilə məşğul olacağam ki?! Dedim axın bura çox dəyişib. Bakıda 15 il bundan əvvəlki mədəniyyət yoxdur, səhnə yoxdur, insanlar yoxdur.

- Məhz bütün bunlar Sizi Azərbaycandan uzaqlaşdırır...

- Bəlkə də. Öz sənət yolumu Moskvadan başlamışam. Moskvada populyar olub buraya gəlmişəm. Əvvəl heç bilmirdilər ki, Bakıda Sərxan adında müğənni var. Ancaq biləndən sonra, yəni Moskvada məşhurlaşandan sonra nazirlikdən göstəriş verildi ki, bəs niyə Sərxan orada çalışır, gəlsin Azərbaycana və burada çalışsın. Sərxanın yanında Azərbaycanın adı olması da çox ağıllı düşünülmüş, reklam qazanmaq üçün yaxşı addım idi. Ölkəni həmişə idmançı və sənətçi reklam edir. O zamanlar mən Bakıda çox konsertlər verirdim. Yaşıl Teatrda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, qəsəbələrdə konsertlər verirdim. Məndən çox konsert verən olmayıb.

- Deməli Azərbaycana bir dəfəlik gəlmək fikriniz yoxdur.

- Tutaq ki, birdəfəlik gəldim. Nə iş görəcəyəm, nə işlə məşğul olacağam. Bəlkə lap qocalanda, artıq əldən düşəndə gəlib burada yaşamağa qərar verdim.

- Bəs o zamana kimi Sizi qane edəcək bir atmosfer yaransa necə?

- Nəyə lazımdır ki, yeni atmosfer? Belədir, belə olub, belə də qalsın. Guya mən olmayanda nə olur ki...

- Moskvada konsert proqramlarınız, çıxışlarınız olurmu? Qastrol səfərlərinə gedirsiniz?

- Əlbəttə silsilə konsertlərim təşkil olunur. Müxtəlif ölkələrdə, eləcə də Rusiyanın şəhərlərində konsertlər verirəm. Xaricdəki konsertləri də ruslar özləri təşkil edir.

- Azərbaycanda konsert təklifi alsaydınız, hansı Azərbaycan sənətçisi ilə səhnəni bölüşmək istərdiniz?

- Brilyant Dadaşova ilə... Onda səhnə mədəniyyəti ilə yanaşı, həm də gözəl səsi var. Yəni hərtərəfli istedadlıdır. Qısacası əsil musiqiçidir. İndi dəbə uyğun o qədər təzə müğənnilər çıxıb ki. Düzdür o da olmalıdır, çünki buna tələbat var. Burada konsert vermək üçün heç konsert salonu da yoxdur. Bir Heydər Əliyev Sarayı ilə iş düzəlmir. Moskvada konsert təşkilatları var, çoxsaylı salonlar var. Əsas odur ki, orada konsert mədəniyyəti var.

- Yeni müğənnilərdən kimləri tanıyırsınız?

- Əslində maraqlanmıram, heç tanımıram da. Yeniləri çoxdur, qoy olsunlar, amma gərək bir-birini didməsinlər də, yeməsinlər.

- Deməli Azərbaycan estradasındakı qalmaqallar Sizi də narahat edir...

- Əlbəttə, narahat etməməsi mümkün deyil. Çünki bura Azərbaycandır və bütün bunlar Azərbaycan mədəniyyətində, estradasında baş verir. Bilirsiniz bunun səbəbi nədir? Paxıllıq, aldıqları qonorar, toyların sayı. Çox gülməlidir...

- Bəs Azərbaycana gələndə hansı sənətçi ilə əlaqə saxlayırsınız?

- Ancaq Cavan Zeynallıya zəng edirəm, görüşürük, söhbət edirik. Onunla məhəllə uşağıyıq. Söhbətimizdə nostalji hisslər üstünlük təşkil edir. Başqa heç kiminlə görüşmürəm.

- Bu gün müxtəlif ölkələrdə konsertlərlə çıxış edən, Moskvada yaşayan azərbaycanlı Sərxan getdiyi hər yerə Azərbaycanın adını özü ilə aparır?

- Əlbəttə aparıram. Martda Moskvada yaradıcılıq gecəm keçirildi. Mən Sovet Azərbaycanın əməkdar artistiyəm. Düzdür, indi o ölkə yoxdur, amma özümü necə təqdim edə bilərəm, axı indiki ölkənin adı mən də yoxdur. Məndə olan ancaq 1986-cı ildə aldığım bu addır. İndiki dövrdə ümumiyyətlə fəxri ada ehtiyac da yoxdur, çünki bu gün buna o qədər də önəm verilmir. O dövr keçdi-getdi. O zamanlar əməkdar artist adını almaq çox çətin idi. Mənim heç xəbərim də yox idi ki, mən bu adı almışam, öz adımı qəzetdən oxudum. O zaman heç nə indiki kimi deyildi. Çox insan, elə müğənnilər də Azərbaycandan çox şey umur. Ancaq mən qətiyyən heç nə ummuram, əksinə hesab edirəm ki, mən özüm Azərbaycana nə isə verməliyəm. Yeni mahnılar, yeni yaradıcılıq uğurları...

- Düşüncə tərziniz buradakı həmkarlarınızdan çox fərqlənir. Yəni konsertlərinizdə və ya toylarda iştirakınız zamanı Sizə veriləcək qonorarla maraqlanmırsınız?

- Yox maraqlanmıram, çünki mənə maraqlı deyil. Sovet vaxtında mənim qonorarlarım çox böyük olub. Əgər orta maaş 20 rubl idisə, mən 6 min rubla yaxın qonorar alırdım. Ancaq mən o vaxtda özümü dövlətli saymırdım və o qədər çox əmək haqqı aldığım üçün utanırdım. Toylardan yox, ancaq konsertlərdən bu pulu alırdım. O vaxtlarda konsertlərim çox idi. Amma deyim ki, indi qonorarlarımın çox yüksək olanı da, ortabab olanı da var. Həyatım boyu belə şeylərə fikir verməmişəm və elə indi də vermirəm. Şəxsən mənim üçün ən böyük qonorar tamaşaçının diqqəti və alqışlarıdır.

- Əvvəllər belə düşüncə tərzi yox idi. Bu cür düşüncənin formalaşası nədən qaynaqlanır?

- Acgözlükdür, bundan başqa buna heç bir ad verə bilmirəm. Əsl sənətkar sənətdən başqa heç nə fikirləşməməlidir. Onu nə maşın, nə də ev maraqlandırmamalıdır. Mənə Moskvada deyirlər ki, “maşınını dəyiş”. Ancaq dəyişmirəm. Maşını seçəndə eləsini seçirəm ki, gözə görünməsin, mənə əziyyət verməsin, maşının qulu olmayım. Maşın mənim qulumdu. Səhnəyə çıxmaqla mənliyimi bildirirəm, mənim seçimim sadəlik, sadəlik və yenə də sadəlikdir...

- Estrada müğənnisindən hansı xüsusiyyətlərin olması vacibdir?

- Boylu-buxunlu olmalıdır, əsas isə sənəti olmalıdır. İndi səhnə yoxdur axı, səhnə müğənnisi də olsun. O vaxtlar səhnənin tələbləri var idi, toyun isə tələbləri yox idi. Toy səhnəsində biabırçılıq az görünsün deyə alçaq boylu olmaq daha yaxşıdır.

- Xalq artisti Faiq Ağayevlə bağlı nə düşünürsünüz?

- Faiq istedadlı insandır, zəhmətkeşdir, öz üzərində işləyir. Bu onun müsbət tərəfləridir. Amma mənfi tərəflərini mən niyə deyim? Yaxşı olmaz axı. Onu gərək tamaşaçı desin. Mən onun ancaq müsbət tərəfini deyə bilərəm. Amma ayrı şeyləri mən demirəm, lazım deyil.

- Sonuncu səfərinizdə üçüncü dəfə evlənmək istəyinizi bildirmişdiniz. Axtardığınızı tapa bildiniz?

- Axtarmaq lazım deyil, tale özü gətirəcək. Ya səni onun qarşısına, ya da onu sənin qarşına çıxaracaq.

- Demək hələ tapmamasınız...

- Rast gəlməyib desək daha düzgün olar. Çətin məsələdir... Çox heyf ki, ömür o qədər də uzun deyil. Beş-altı ömür olsaydı, çox yaxşı olardı və hər şeyi çatdırardıq. Rast gəlməməsinin də səbəbləri var. Axı mən burada az oluram... Gərək harasa gedəsən, kimsə səni, sən də onu görəsən, bəyənəsən...

- Yaşınızdan çox cavan görünmənizin bir sirri varmı?

- Əlbəttə var. Bunun əsas sirri münasibətdir... Mənim tamaşaçılara səmimi münasibətim. Əgər mən qonorar məsələsini fikirləşsəydim, saçım ağappaq olacaqdı, ürəyim ağrıyacaqdı, tez əldən düşüb qocalacaqdım. Mən özümü bu baxımdan çox xoşbəxt hesab edirəm. Gör necə xoşbəxtlikdir ki, səndə belə imkan var ki, insanların qarşısında iştirak edəsən, onların sevgisini qazanasan. Ondan başqa sənə hələ pul verirlər. Heç verməsələr də, sən onsuz da xoşbəxtsən. Bu sənətə çox böyük məhəbbətlə və məhz sənətə görə gəlmişəm, daha qonorara görə yox... Bütün bunlar da insanı cavan saxlayır. Həm də axı mənim içimdə paxıllıq yoxdur. Paxıllıq hissi insanı tez qocaldır. Bilirsiniz, insan nə qədər ucalsa da, yüksəklərdə olsa da, hər zaman düşünməlidir ki, hələ də heç nə eləməyib. Bu da insanın cavan qalmasına kömək edir. Nə zaman ki, insan elə bilir ki, artıq hər şey edib, yüksəkdədir, hamıya yuxarıdan aşağı baxır, özünü hamıdan üstün tutur, bax o zaman tez qocalır.

- Eşitmişik ki, Moskvada özünüzə iş qurmusunuz...

- Bu barədə heç zaman düşünməmişəm, heç düşünmərəm də. Bu sənətimə də, özümə də xəyanət olardı. Bir tikə çörəyim var, mən niyə başqa işlə və ya bizneslə məşğul olmalıyam? Mənim münasibətim belədir. Yoxsa Bakıda baxırlar ki, kim hansı maşında gəldi, kim hansı evdə yaşayır, kimin villası çoxmərtəbəlidir. İnsan özü-özünü təqdim etməlidir, daha maşınla, evlə yox. Maşına meymun da minir, indi yaxşı maşında gəzən meymunla salamlaşmalıyam ki, a, bu nə yaxşı adamdır. Bakıda mənə heç maşın da lazım deyil...

- Rusiya səhnəsində dostluq etdiyiniz sənətçilər varmı? Orada hansı sənətçilərlə əməkdaşlıq edirsiniz?

- Aleksandr Qradski, Vyaçeslav Malejik, Sofiya Rotaru, Larisa Dolina və başqaları. Ümumiyyətlə orada dostlarım əsasən köhnələrdir, yeniləri ilə dostluq münasibətim yoxdur. Orada tez-tez konsertlərdə görüşürük. Larisa Dolina ilə birgə tez-tez konsertlərdə iştirak edirik. Bu işbirliyi hələ də davam edir.

- Azərbaycana növbəti səfəriniz nə vaxt olacaq?

- İki aydan sonra yenə də gələcəyəm. İyunda istirahət etmək çün bura gəlməyi planlaşdırıram. Bir neçə gün qalıb, istirahət edib yenə də Moskvaya gedəcəyəm.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR