Azərbaycanın “Eurovision-2010” müsabiqəsində ifa olunacaq mahnısının klipi Ukraynada çəkiləcək

Azərbaycanın “Eurovision-2010” müsabiqəsində ifa olunacaq mahnısının klipi Ukraynada çəkiləcək
# 01 aprel 2010 14:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn ay Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadənin “Drip drop” mahnısına Ukraynada klip çəkiləcək. APA-nın məlumatına görə, bunu hazırda Kiyevdə olan Səfurə Əlizadə yerli mətbuata onlayn müsahibəsində deyib. O, klipin Ukrayna rejissoru tərəfindən mahnının mövzusuna və ritminə uyğun çəkiləcəyini söyləyib.

Azərbaycanı 55-ci “Eurovision” müsabiqəsində təmsil etmək şansı qazanan 17 yaşlı ifaçı İsveçdə tərtib edilən albomunun artıq hazır olduğunu açıqlayıb: “İki həftə müddətində bütün albomun mahnılarını hazırlamışam. Müsabiqəyə özümü tam hazır hiss edirəm. “Eurovision” səhnəsinə çıxmağa hazıram”.

Azərbaycanın mayın 27-də II yarımfinalda 7 rəqəmi altında çıxış etməsinə toxunan S. Əlizadə bu rəqəmin müsəlmanlar üçün müqəddəs hesab olunduğunu diqqətə çatdırıb: “Əsas odur ki, ifa və nömrə tamaşaçıların beynində həkk olunsun və yadda qalsın. Hazırda ən böyük arzum “Eurovision” müsabiqəsində qalib gəlməkdir”.

Sevgilisinin olmadığını bildirən Səfurə yaxın dövr üçün bunu planlaşdırmadığını da əlavə edib. O, Beyons və Robert Pattinsonla duet ortağı olmağı çox arzuladığını vurğulayıb.

Aprelin 2-də Azərbaycan təmsilçisi Ukraynanın “Schuster Live TV” şousunun qonağı olacaq. S. Əlizadə canlı yayımda həm aparıcının, həm də tamaşaçıların suallarını cavablandıracaq, mahnılar ifa edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR