Nurlan Növrəsli: “Məni finaldan uzaqlaşdırmaq özümə, qardaşlarıma, ailəmə, mənə görə müsabiqəni izləyənlərə, eləcə də muğama, kamançaya olan hörmətsizlikdir...” - FOTO

Nurlan Növrəsli: “Məni finaldan uzaqlaşdırmaq özümə, qardaşlarıma, ailəmə, mənə görə müsabiqəni izləyənlərə, eləcə də muğama, kamançaya olan hörmətsizlikdir...” - <font color=red>FOTO</font>
# 19 yanvar 2011 12:07 (UTC +04:00)
“Eurovision -2011” milli seçim turlarına qatılanda inanırdım və əmin idim ki, seçilsəm, qələbəni məhz biz, Növrəsli qardaşları Azərbaycana gətirə biləcək! İlk yarımfinaldan siz tamaşaçıların, oxucuların və əlbəttə ki, münsiflərin dəstəyi ilə ikinci yarımfinala vəsiqə qazandım. İlk yarımfinalda 4 fərqli janrda mahnı ifa etməyə və zövqünüzü oxşamağa çalışdım”. APA-nın məlumatına görə, bu sözlər “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli seçimlərə qatılan, tamaşaçılardan kifayət qədər səs toplamasına baxmayaraq münsiflərin səsverməsindən sonra finala keçməyən müğənni Nurlan Növrəslinin açıq məktubunda yer alıb.

Sənətçi məktubunda bildirir ki, səsvermə günü hər bir iştirakçı kimi cavabları gözləyib: “Çox sevinirdim ki, xalqımın verdiyi smslər ilə 3-cü pillədə dayanmışam, məni xalq bu beşliyə salıb və mən finala keçəcəyəm. Çünki ifama artıq neçə illərdir bələd olan münsiflərin mənə verdikləri səslərə çox inanırdım. Amma müəyyən səbəblərə görə finala keçənlərin siyahısı açıqlanmadı”.

Sənətçi qeyd edib ki, o, milli finala keçəcəyini ümid etdiyi üçün adının beş ifaçı arasında olmamasına inanmayıb: “Mən də sizin hər biriniz kimi diqqətlə İTV-də “Carçı” informasiya proqramını həyəcanla izləyirdim, amma nəticələr açıqlananda sözün əsl mənasında sarsıldım. Mən final beşliyində yox idim. Onu da deyim ki, o anda mən 2004-cü ildə AzəriStar yarışmasındakı hadisəni xatırladım və bir anlıq hətta düşündüm ki yəqin süjetin sonunda mənim adımı çəkib deyəcəklər ki, Nurlan Növrəsli münsiflər heyətinin qərarı ilə 6-cı iştirakçı kimi keçdi. Amma sonra düşündüm ki, niyə altı? 18750 sms toplayaraq 3-cü pillədə qərarlaşdığım halda məni müsabiqədən necə uzaqlaşdıra bilərdilər? Kim bunu etdi? Bu mənim üçün hələ də sual olaraq qalır. Kim keçdi mənim yerimə və necə? KİV nümayəndələri mənə hər zaman dəstək olublar və hal hazırda sizə hörmətli qələm əhli, sizə hörmətli münsiflər heyəti, əziz “Eurovision” təşkilatçıları və Azərbaycan xalqı ümumən, sizə sualım var: Necə ola bilər ki xalq tərəfindən sms toplaya bilməyən iştirakçı finala vəsiqə qazansın, amma 18750 sms toplayan iştirakçı finala düşməsin? Bu məsələni ancaq “münsiflər” həll edirdilərsə, onda niyə mən Nurlan Növrəsli xalqımdan səs istəyirdim? Xalqı aldatmaq ixtiyarını kim verib? Yaxşı bu qərarı münsiflər veribsə, onda niyə o “münsiflərin” adı, verdiyi ballar açıqlanmır? Bir neçə gün çox narahat idim, çünki həyatdır, hər bir şey ola bilər, amma heç vaxt inanmazdım ki, mənim halalca beşlikdə qazandığım yerimi başqası tuta bilər. Bir daha bütün təşkilat komitəsindən xahiş edirəm, mənim finala keçmək məsələmə yenidən baxılsın, çünki sonuncu yerdə olan iştirakçı hətta münsifdən 12 bal alsa da, onun finala vəsiqə qazanmağı mümkün deyil. Yox, mümkündürsə onda niyə səsverməyə görə ikinci yerdə olan iştirakçı orda deyil?”

Nurlan Növrəsli məktubunda ifaçılardan birinin finala vəsiqə qazanmasına etiraz etməsi ilə bağlı yazılan məlumatlara da toxunub: “Bu dezinformasiyadır! Yalandır! Mən heç yerdə belə söz deməmişəm! Bütün insanlardan xahiş edirəm - nəyisə dəqiqləşdirməmiş, şayiə yaymasınlar! Hər bir finala keçən iştirakçıya ayrı-ayrılıqda hörmətim var və hər birinə uğurlar diləyirəm. Gəlin bir-birimizə hörmətlə yanaşaq və şayiələrə yol verməyək. Hətta onu da qeyd edim ki, mən çox həyəcanla Azərbaycan təmsilçisini, onun çıxışını və layiqli yer tutmasını gözləyirəm. Və inanın ki, buna hamıdan çox məhz Növrəslilər və bütün bizim komanda sevinəcək. Mən münsiflər heyətindən və təşkilatçılardan bir daha xahiş edirəm ki, düzgün qərar versinlər və yaxud buna obyektiv və real səbəb, cavab gətirsinlər ki niyə mən 18750 “sms”lə, 4 günlük maraqlı çıxışlarımla 3-cü yerdə ola-ola ilk beşliyə düşmədim. Deyilsə ki, münsiflər heyəti səs verməyib, bu gülünc olar. Çünki mən səhnədə sənət göstərdim, ifa göstərdim, performans göstərdim. Mən muğam, klassika, pop, hause janrlarında ifa etdim. Məni finaldan uzaqlaşdırmaq ilk növbədə mənə, mənim qardaşlarıma, ailəmə, sənətimin pərəstişkarlarına, mənə görə müsabiqəni izləyənlərə və daha qlobal götürsək muğama, kamançaya olan hörmətsizlikdir. Çünki səhnədə milli elementləri bir həftə ərzində yalnız mən səsləndirdim. Məni finala keçməyə qoymamaqla kimlərsə Növrəsli qardaşlarının Azərbaycana qələbə gətirməsinin qabağın aldı və 4 qardaşın finalda möhtəşəm çıxışını gözləyənlərin arzuların ürəyində qoydular”.

N. Növrəsli məktubunun sonunda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, İctimai Televiziyanın rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə müraciət edib: “Adlarının sadaladığım hər bir mötəbər insana və əlbəttə ki məni finala layiq görən xalqıma müraciət edirəm. Mən onlar üçün hələ bir çox müsabiqələrdə Azərbaycanımın bayrağını yüksəldəcəyəm! Biz Növrəslilər Məhəmməd Peyğəmbərin nəslindənik və doğulduğumuz gündən, son günümüzə qədər ancaq Allahımıza güvənəcəyik və bu gündə heç kimə qarşı incikliyimiz yoxdur və inanırıq ki oxuduğum mahnıda olduğu kimi həyatda da Allahın köməkliyi ilə xeyir şərə qalib gələcək və gec-tez haqq ədalət öz yerini tutacaq! Müsabiqədə bir şüarım var idi, onu bir daha sonda təkrar etmək istəyərdim - Biz Növrəsli qardaşları var gücümüzü toplayıb Azərbaycanımızın, Qarabağımızın, Şuşamızın səsini hər yerdə ucaldacağıq!”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR