Türkiyənin “Eurovision” təmsilçisi: “Bakıda həqiqətən də qardaşlıq gördük” - FOTO

Türkiyənin “Eurovision” təmsilçisi: “Bakıda həqiqətən də qardaşlıq gördük” - <font color=red>FOTO</font>
# 05 aprel 2011 16:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan xalqına bizi bu dərəcədə isti və özündən biri kimi qəbul etdiyi üçün hər birimiz təşəkkür edirik. Mərhum və böyük Heydər Əliyevin “bir millət, iki dövlət” sözünün bu səfərimiz dönəmində bir daha şahidi olduq. Biz “Eurovision-2011” yarışmasında azərbaycanlı qardaşlarımıza da uğurlar diləyirik”. APA-nın məlumatına görə, bu sözləri promo-tur çərçivəsində Azərbaycana dünən Azərbaycana gələn Türkiyənin “Eurovision-2011” yarışmasındakı təmsilçisi “Yüksək Sədaqət” qrupunun üzvləri bu gün Türkiyənin ölkəmizdəki səfirliyində keçirdikləri mətbuat konfransında bildiriblər.

Görüşdə ilk əvvəl “Yüksək Sədaqət” qrupunun Düsseldorf arenasında ifa edəcəyi “Live it up” klipi media mənsublarına nümayiş etdirilib. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç qrupu salamlayıb və Azərbaycandan dəstək gördükləri üçün minnətdarlığını ifadə edib.

Qrup üzvləri Bakıda olduqları iki gün müddətində İçərişəhəri gəzdiklərini, Milli Məclisin binası ilə tanış olduqlarını açıqlayıblar. Bu yarışmada Azərbaycan təmsilçilərinə də birinci olmağı arzulayan qrup üzvləri “ya Azərbaycan, ya Türkiyə - fərq etməz” deyiblər: “Bu yarışmada Türkiyəyə qalibiyyət gətirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bizim əsas məqsədimiz mahnımız və musiqimiz vasitəsilə Türkiyəni doğru şəkildə Avropa ictimaiyyətinə anlatmaqdır. Əgər biz bu yarışmada uğurlu çıxış etsək, o zaman birinci olduğumuzu hesab edəcəyik. Amma yarışmadan da gələcək yüksək bir nəticə bizi daha da fərəhləndirir”.

Beş musiqiçidən ibarət “Yüksək Sədakat” qrupunun üzvləri Bakıdan çox gözəl təəssüratlarla ayrıldıqlarını bildiriblər: “Əslində gələcəkdə Bakıdan çox şey xatırlamaq üçün zamanımız olmadı. Ancaq bu doğma şəhərdən çox gözəl hisslərlə ayrılırıq. Burada çox maraqla və yüksək səviyyədə qarşılandıq. Bakıda həqiqətən də qardaşlıq gördük. Bundan sonra biz tez-tez Bakıya gəlməyi düşünürük. İnşallah, növbəti səfərimiz sırf solo-konsertlə bağlı olacaq. Bu ölkədə gəzməli-görməli yerlər çoxdur”. Qrup üzvləri şəhərimizdə qonaq olduqları iki gün müddətində Azərbaycan mətbəxindən də təamlar daddıqlarını və yeməklərimizi çox sevdiklərini qeyd ediblər.

Həyatda hər bir insanın sədaqətsizliklə üzləşdiyini bildirən “Yüksək Sədaqət” qrupunun üzvləri çıxışlarında insanları sədaqətsizlik etməməyə çağırıblar: “Sədaqətsizliklə üzləşməyən insan yoxdur. Bu ifadə çox böyük anlam daşıyır və sözsüz ki, bizim də hər birimiz vaxtaşırı sədaqətsizliklə üzləşmişik”.

Görüşün sonunda qrup üzvləri Azərbaycan media mənsubları ilə xatirə şəkli də çəkdiriblər.

Qeyd edək ki, “Yüksək Sədaqət” qrupunda Kənan Vural (vokal), Sərkan Özgən (gitar), Kutlu Özmakinacı (bas gitar), Uğur Onatkut (tuşlu çalğılar) və Alpay Şalt (zərb alətləri) təmsil olunur. Türkiyəni gələn ay Düsseldorfda keçiriləcək 56-cı “Eruovision” mahnı müsabiqəsində təmsil edəcək qrup üzvləri mayın 10-da I yarımfinalda çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR