İsmayıl Ömərov: “Əminəm ki, ən təmtəraqlı və gözəl “Eurovision” yarışması məhz Azərbaycanda keçiriləcək” - FOTOSESSİYA

İsmayıl Ömərov: “Əminəm ki, ən təmtəraqlı və gözəl “Eurovision” yarışması məhz Azərbaycanda keçiriləcək” - <font color=red>FOTOSESSİYA</font>
# 17 may 2011 12:08 (UTC +04:00)
Bu sözləri İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru İsmayıl Ömərov bu gün Azərbaycanın “Eurovision-2011” yarışmasında qalibiyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

İ. Ömərov bildirib ki, 14 may - Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb: “Hər şeyin əsası seçimdən asılıdır. Bu seçimi edən, bu qərara gələn münsiflər heyətinə təşəkkür edirəm. Münsiflər heyətinin seçimi zamanı böyük tərəddüdlər oldu, ancaq çox düzgün qərar verildi. Bu, ideal seçim idi. Artıq bu, bütün dünyanın seçimidir”.

Baş direktor qeyd edib ki, EBU artıq 2012-ci ildə ev sahibliyini təsdiqləyən sənədi Azərbaycana təqdim edib: “Bu gün bizə zəng vurdular. Gələn ayın 20-də Cenevrədə, EBU-nun mərkəzi ofisində yarışmanı harada və necə keçirməklə bağlı məsələlər müzakirə olunacaq. Əminəm ki, yarışmanın ən gözəl və təmtəraqlısı məhz Azərbaycanda keçiriləcək”.

“Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov qələbə münasibətilə bütün türk dünyasının təbrik edib: “Bu tək bizim yox, hamımızın qalibiyyətidir. Əgər nə isə çatışmasaydı, o zaman istəyimizə nail ola bilməzdik. Çox sağ olun ki, bizə inandınız”.

Nigar Camal isə onlara inanan və etibar edən hər kəsə təşəkkürünü ünvanlanyıb və Azərbaycan xalqının qalibiyyətə münasibəti ilə təbrik edib: Əlimdə türk bayrağı tutmuşdum. Bütün Türk dünyasının təmsil etdiyimiz üçün səhnəyə bu bayraqla çıxdım. Bu o deməkdir ki, biz doğrudan da bir millət, iki dövlətik. Əgər bu yarışmada təmsilçilik hüququnu yenə bizə versələr, Azərbaycana ikinci dəfə bu qələbəni bəxş edərik”.

Ermənistanın Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirakına gəldikdə İsmayıl Ömərov hələlik bu barədə heç nə deyə bilməyəcəyini vurğulayıb: “Ermənistan təmsilçisinin bu yarışmada iştirakına gəldikdə, mənə məlumat veriblər ki, ermənilərə bununla bağlı sual verilib və onlar müsabiqəyə qatılmayacaqlarını bildiriblər. Əgər onlar bu fikirdədirsə, buna çox təəssüf edirəm. “Eurovision” yarışması insanları humanizmə çağıran bir müsabiqədir. Biz ayrıca heç kəsi dəvət etmirik. Bu, çox uzun bir prosesdir və burada ciddi qaydalar var və biz bütün bu qaydalara əməl edirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR