Bakı səhnəsində Sərdar Ortac etiraflar edib- FOTOSESSİYA

Bakı səhnəsində Sərdar Ortac etiraflar edib- <font color=red>FOTOSESSİYA</font>
# 23 iyun 2012 21:36 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin tanınmış müğənnisi Sərdar Ortac Bakıda Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, iki saatlıq konsertdə müğənni tamaşaçılarla mütəmadi ünsiyyət saxlayıb, Azərbaycana olan sevgisindən söz açıb və yenidən Bakıda olmağından sevinc hiss keçirdiyini vurğulayıb.
Qara rəngdə hazırlanmış səhnədə Sərdar Ortacı öz musiqiçiləri və bek-vokalçıları müşayiət etsə də, rəqqaslar Azərbaycandan olub.

Müğənni konsertinə son dövrlər ifasında ən çox sevilən “İşim olmaz” mahnısı ilə başlayıb. İlk ifasından dərhal sonra isə müğənni ötən həftələrdə dünyasını dəyişən atasını yad edib: “Atamın vəfatı mənə çox pis təsir etdi. Məni bu günə böyüdüb boya-başa çatdıran məhz valideynlərim olub. Atamın yoxluğu hər birimizi sarsıtdı. Amma mən bilirəm ki, o bu gün də baxıb mənimlə fəxr edir, necə ki, sağlığında hər zaman ürəyinə vuraraq mənimlə qürur duyduğunu deyirdi. Təəssüflənirəm ki, atam mənim ailəyə sahib olmağımı görmədi. İki qardaşım var və artıq onlar ailə sahibidirlər. Amma mən bu yaşıma kimi evlənə bilməmişəm, çünki mahnılarıma evliyəm. Anam artıq bu mövzunu bağlayıb. Hər kəs bilir ki, mən mahnılarımla evlənmişəm. 1994-cu ildən bu yana səhnədəyəm, indi hesablayın, neçə ildir evliyəm”. Müğənni çıxışı zamanı zaldakı tamaşaçılara onun sənətinə verdiyi dəyərə görə minnətdarlıq edib. Konsertin yaddaqalan məqamlarından biri də Sərdar Ortacın azərbaycanlı müəlliflərə (musiqi Kamal, sözləri Baba Vəziroğlu) məxsus olan “Gəlsəndə, gəlməsəndə” mahnısını şer kimi deməsi olub. O gələcəkdə bu mahnını ifa edəcəyinə söz də verib. Konsertdə müğənni bir neçə Azərbaycan mahnısını da tamaşaçılara ərməğan edib.
Sərdar qeyd edib ki, ötən həftə onun yeni albomu işıq üzü görüb və bu yeni albomun uğur qazanacağına inanır: “Anam mənim vaxtilə oxuduğum mahnıları daha çox bəyənirdi. İndi də deyir ki, o mahnılarımın başqa ləzzəti var idi. Hətta mənim o zamankı mahnılarım altında anam hər zaman oynayır. Amma ümid edirəm sizlər həm keçmiş, həm də indiki mahnılarımı bəyənirsiniz”.

Sənətçini konserti maraqlı şou ilə yadda qalıb. İki saat davam edən proqramda Sərdar dəfələrlə zalda əyləşmiş tamaşaçıların yanına enib və onlara sevgisini bildirib. Tamaşaçılar demək olar ki, bütün mahnıları Sərdar Ortacla bərabər ifa ediblər. Sənətçiyə çoxsaylı gül dəstələri və hədiyyələr təqdim edilib. Müğənni repertuarındakı ən yaddaqalan və sevilən mahnıları Azərbaycandakı pərəstişkarları üçün ifa edib, o həm rəqs edib, həm də tamaşaçılarla söhbətləşib.

“Bakı tezliklə yenidən görüşənədək” sözləri ilə konsertini bitirən türkiyəli müğənni, dərhal konsert salonunu tərk edib. Müğənni konsertdən sonra media mənsublarına müsahibə verməyib və mühafizəçilərin müşayiəti ilə avtomobilə minib məkandan uzaqlaşıb.

Qeyd edək ki, Sərdar Ortacın konsert “Səs Organization”un rəhbəri Nahid Emiloğlu tərəfindən təşkil olunub və konsertin informasiya dəstəyi isə APA-ya məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR