“Best Model of the World” müsabiqəsinin qalibi Rüstəm Cəbrayılov: “Bu sahədə tam mükəmməlləşdikdən sonra model məktəbi təsis etməyi düşünürəm”

“Best Model of the World” müsabiqəsinin qalibi Rüstəm Cəbrayılov: “Bu sahədə tam mükəmməlləşdikdən sonra model məktəbi təsis etməyi düşünürəm”
# 11 dekabr 2007 15:54 (UTC +04:00)
“Best Model of the World” yarışmasında Azərbaycanı təmsil edən Rüstəm Cəbrayılov dünya üzrə “Ən yaxşı kişi model” nominasiyasında I olub. APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında “Best Model of the World” yarışmasının dekabrın 8-də Türkiyədə keçirildiyi bildirilib. Tədbirdə çıxış edən “Best model of the world” yarışmasının təşkilatçılarından olan, iş adamı Nahid Kabakçı Rüstəm Cəbrayılovun müsabiqənin centlmen nominasiyasını da əldə etdiyini qeyd edib: “Müsabiqədə qaliblərin adı açıqlananda Rüstəm Cəbrayılovun qonşu ölkədən olduğu bildirildi. Ancaq Erkan Özərman Azərbaycana olan sevgisini həmin tədbirdə də nümayiş etdirdi. Erkan Özərman qalibin türk millətindən olduğunu bildirdi. Biz çox sevinirik ki, Azərbaycan modeli ikinci dəfə qalib adını qazandı”. N. Kabakçı bildirib ki, Azərbaycanı təmsil edən model xanım Lalə Eyvazova “Səhnədə ən yaxşı yeriş” nominasiyasını əldə edib. Onun sözlərinə görə, hər iki model 2006-cı ildə “Best model of Azerbaidjan” yarışmasının qalibləri olublar. Ötən il Dünya Model yarışmasına qatıla bilməyən 2006-cı ilin qaliblərinin bu ilki “Best Model of the World” yarışmasında iştirakını müsabiqənin prezidenti Erkan Özərman təşkil edib. Tədbirdə çıxış edən Rüstəm Cəbrayılov artıq bir neçə dəvət aldığını bildirib: “Qalibiyyətdən sonra mən Azərbaycanın bayraqlarını 50 ölkənin nümayəndəsinə payladım. Bu da Azərbaycanın daima birinci olmasının və olacağının bariz nümunəsidir. Mənim 21 yaşım var və Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıram. Bu sahədə tam mükəmməlləşdikdən sonra model məktəbi təsis etməyi düşünürəm. Həm Azərbaycanda, həm də xarici ölkələrdə işimi davam etdirəcəyəm”. Lalə Cəfərova isə bundan sonra da Azərbaycanı yarışmalarda daha uğurla təmsil edəcəyini vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR