Qəbələdə iş adamını öldürməkdə təqsirləndirilən şəxslərdən biri ömürlük azadlıqdan məhrum edilib

Qəbələdə iş adamını öldürməkdə təqsirləndirilən şəxslərdən biri ömürlük azadlıqdan məhrum edilib
# 01 avqust 2016 11:26 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərdən ibarət dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deməkdən imtina ediblər.

Prosesdə hökm oxunub. Hökmə əsasən Nurəddin Xəlilov ömürlük, Müşfiq Mikayılov 20 il, Rəşad Həşimli 20 il, Əhməd Kərimov 20 il, Coşqun Kərimbəyli 20 il, Bahadur Məmmədov 20 il, Zaur Əliyev 18 il, Pərviz Şıxalıyev 16 il, Rəşad Səfərəliyev 16 il, Xəlil Məmmədov 15 il, Samir Məmmədov 16 il, Rufis Bəyimov 18 il, Ceyhun Abdullayev 14 il, İlqar Musayev 13 il, 6 ay, Anar Rzayev 14 il, Niyaməddin Xəlilov 16 il, Fəxri Şirinzadə isə 20 il müddətində azadlıqdan məhrum ediliblər.

İttihama görə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vincester” markalı tüfəng, “Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin digər cinayətlərdə də iştirakları müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR