Bakı. Ülkər Qasımova - APA. Azərbaycanı İsveçdə keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun sonuncu - 8-ci həftəsi də başa çatıb.
APA-nın məlumatına görə, bundan sonra həftənin qalibləri ölkə təmsilçisi adı uğrunda mübarizələrini final mərhələsində davam etdirəcəklər.
58-ci "Eurovision" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi olmağa iddialı 9 namizəd həftə ərzində səs və səhnə imkanlarını İctimai Televiziya və Radionun canlı efirində nümayiş etdirib. Onlar beş gün müddətində milli seçim turunun ənənəvi proqramını yerinə yetirərək, məşhur "Eurovision" hitlərini, dünya və Azərbaycan estradasından nümunələri səsləndiriblər. İfaçıların çıxışları həm münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən izlənilərək dəyərləndirilib. Məhz onların birgə rəyinə əsasən Valeriya Hüseynzadə və Aysel Babayeva finala vəsiqə qazanıb. Azərbaycanı 58-ci "Eurovision" mahnı müsabiqəsində kimin təmsil edəcəyi martın 14-də "Buta Palace"da keçiriləcək final şousunda məlum olacaq. Milli finalda 10 ifaçı ölkə təmsilçisi adını qazanmaq uğrunda yarışacaq.
Xatırladaq ki, milli seçim turunun əvvəlki həftələrində Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova və Vlada Axundova da finalda yarışmaq hüququ qazanıb. Azərbaycanın "Eurovision 2013" mahnı müsabiqəsindəki təmsilçisi peşəkar münsiflər heyətinin qərarı ilə müəyyənləşdiriləcək. İlkin püşkatmanın nəticəsinə görə, Azərbaycan təmsilçisi mayın 16-da "Eurovision 2013" mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək. 58-ci şou iştirakçıları "We are one", yəni "Biz birik" şüarı ilə bir araya gələcək.