Avropa Parlamentinin Azərbaycana qarşı aqressiyası: Türk düşmənçiliyi, “brilyant pullar”, səlibçilik təfəkkürü - TƏHLİL

Avropa Parlamentinin Azərbaycana qarşı aqressiyası: Türk düşmənçiliyi, “brilyant pullar”, səlibçilik təfəkkürü - TƏHLİL
# 29 fevral 2024 15:31 (UTC +04:00)

Avropa İttifaqının ayrı-ayrı qurumlarının Azərbaycan-Aİ münasibətlərində zaman-zaman yaranan pozitiv fonu pozmaq cəhdləri ardıcıl şəkildə davam edir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın ardınca Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağırışların yer aldığı qətnamə qəbul edib. Qətnamədə yenə Azərbaycanın guya Ermənistana hücum edə biləcəyi ilə bağlı reallığa uyğun olmayan, əsassız ehtimallar yer alıb.

Əslində, Avropa Parlamentinin Azərbaycana qarşı xüsusi qərəzi heç kəsə sirr deyil. Belə ki, 7 fevral növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərilmədiyi halda, qurum Azərbaycandakı seçkiləri müşahidə etməyəcəyi ilə bağlı absurd açıqlama yaymışdı.

Qeyd olunmalıdır ki, bu absurd açıqlama və ittihamların sayı və tempi Azərbaycanın ötən ilin sentyabrında ərazi bütövlüyünü tam bərpa etməsindən sonra artmışdı. Beynəlxalq hüququ bərpa edən ölkəmizin bu uğurundan narahat olan Avropa Parlamenti Azərbaycana qarşı “diplomatik hücuma” keçdi. Diplomatik təzyiq və sanksiya hədələrini bəhanə etmək üçün isə Qərb ənənəvi “erməni kartı”ndan istifadə edir. Bu istiqamətdə rəsmi Bakıya qarşı 2 əsas tezis irəli sürülür.

Bunlardan biri, Azərbaycanın guya Qarabağın erməni sakinlərinə qarşı təzyiq göstərməsi, onların bölgəni tərk etməsi ilə bağlıdır. Halbuki bu tezisi darmadağın etmək ciddi araşdırma belə tələb etmir.

Azərbaycan ilk başdan, Qarabağın erməni sakinlərinin reinteqrasiya planını açıqladı, bunu açıq və şəffaf şəkildə etdi. Hərbi təxribatların davamlı hal alması fonunda həyata keçirilən aniterror tədbirləri isə zərgər dəqiqliyi ilə aparıldı, dinc sakinlərə heç bir zərər verilmədi, əksinə, onların qida və geyim ehtiyacları təmin edildi. Bu fonda erməni sakinlərin Qarabağı könüllü şəkildə tərk etməsi bütün dünyanın gözü qarşısında baş verdi. Belə olan halda öz suveren ərazisində antiterror tədbirləri aparan Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda ittiham etmək heç bir sağlam məntiqə sığmır. Bu ittihamı irəli sürən avropalı siyasətçilər belə bunu yaxşı anlayır.

Digər arqument isə Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması ilə bağlıdır. Artıq bir neçə aydır ki, yayılan bu dezinformasiyanı Fransa lideri Emmanuel Makron və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell aktiv şəkildə tirajlayır. Ermənistanın sürətlə silahlanması fonunda səslənən bu fikirlər də öz arxasında heç bir ciddi arqument daşımır və planlı şəkildə yayılır.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu məqamlara toxunmuşdu.

“Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük”, - deyə Prezident əslində bütün Avropaya ünvanlanan sual vermişdi.

Dövlət başçısı Azərbaycanın guya Ermənistana hücum etməsi barədə iddialara da yekun cavabını verdi: “Belə ki, Borrell bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”.

Göründüyü kimi, əslində Prezident öncədən Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab verib, arqumentlərini darmadağın edib. Bütün bunlardan sonra qətnamənin qəbul edilməsi bu addımın öncədən verilmiş qərar olduğunu üzə çıxarır.

Digər tərəfdən, Aİ Parlamentinin niyə inadla Azərbaycana qarşı qərəz nümayiş etdirdiyini anlamaq üçün daha bir məqama diqqət etmək lazımdır.

Nəzərə almaq lazımdır ki, Avropa Parlamentində Azərbaycana qarşı yekdil mənfi rəy də mövcud deyil. Anti-Azərbaycan isteriyasının arxasında yalnız bir qrup parlamentari dayanır. Əsasən Fransanı təmsil edən həmin deputatlar erməni diasporu ilə əlaqəli, yaxud Avropada mövcud olan islamafob, irqçi, səlibçi və türkofob dairələrin nümayəndələridir. Neokolonial təfəkkürdə olan bu “səlibçilər” özlərini hələ də XIX əsrin imperialistləri zənn edir, qarşı tərəfdəkiləri isə öz müstəmləkələri sanır.

Onların bir qismi Avropa Parlamentindəki seçkilər öncəsi erməni lobbisindən maliyyə və seçici dəstəyi almağa çalışır. Xüsusən, adı çirkli pulların yuyulmasında və maliyyə fırıldaqlarında hallanan, Brüsseldə yaşayan erməni əsilli Yunanıstan vətəndaşı Kaspar Karapetyan bu işdə korrupsioner avropalı deputatlara dəstək verir. Almaz biznesi ilə məşğul olan Karapetyan ələ aldığı bir qrup deputatdan istifadə edərək hətta Avropa İttifaqının ümumi gündəliyinə müdaxilə etməyə, öz biznes maraqlarına uyğun olmadığı üçün Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiya paketinə almaz biznesinin daxil edilməməsinə çalışır. Beləliklə, Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kayli ilə bağlı rüşvət qalmaqalından dərs çıxarmayan Avropa Parlamentinin bəzi üzvləri bu dəfə Kaspar Karapetyanın pul tələsinə düşüblər.

Amma istənilən halda, Azərbaycan bundan əvvəl olduğu kimi, doğru bildiyi yolla getməyə davam edəcək və ona qarşı səslənən bütün saxta və əsassız iddialara lazım olduğu şəkildə cavab verəcək. Azərbaycanın Avropa İttifaqı, həmçinin, Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur, rəsmi Brüssel Azərbaycanı iradəsinə zidd olan heç nəyə məcbur edə, yaxud sanksiyalarla təhdid edə bilməz. Avropa Parlamenti, Fransa və bəzi Aİ məmurları bunu nə qədər tez anlasalar, bu ikitərəfli münasibətlər və regional sabitlik üçün bir o qədər faydalı olar.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR