Fransadan Azərbaycana qarşı çirkin ayrı-seçkilik kampaniyası - TƏHLİL

Emmanuel Makron

© APA | Emmanuel Makron

# 04 sentyabr 2024 19:26 (UTC +04:00)

Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı növbəti qərəz və iftira dolu bəyanat yayıb.

Bu bəyanatı Makron diktaturasının növbəti təxribatçı addımı və Fransanın Azərbaycana qarşı çirkin ayrı-seçkilik kampaniyasının növbəti təzahürü də adlandırmaq olar.

Bəyanatda Fransa vətəndaşlarının və ikili vətəndaşlığı olan şəxslərin guya Azərbaycanda səfərdə olarkən, yaxud ölkə ərazisindən tranzit keçidi zamanı əsassız həbs və ədalətsiz mühakimə ilə üzləşə biləcəyi qeyd olunub. Xəbərdarlığın Azərbaycana istər turist kimi, istərsə də işgüzar səfər edən bütün Fransa vətəndaşlarına şamil olunduğu vurğulanıb. Bu da azmış kimi, Fransa XİN bəyanatında Azərbaycanda insan hüquqlarının pozulması və məhkəmə sisteminin ədalətsizliyi barədə də qondarma ittihamlar səsləndirib. Beləliklə, Fransa Azərbaycana qarşı Qarabağ zəfərindən sonra intensivləşdirdiyi diplomatik təxribatları və saxta ittihamları davam etdirmiş olub.

Bu ittihamları XXI əsrdə hələ də utancverici neokolonial imperiya damğası daşıyan, dənizaşırı müstəmləkələrində yerli xalqların azadlıq mübarizəsini repressiya və güc tətbiqi yolu ilə boğan, vətəndaşları arasında dininə, milliyyətinə, irqinə və sosial durumuna görə diskriminasiya, ayrı-seçkilik tətbiq edən ölkədən eşitmək isə çox paradoksaldır.

Faktiki olaraq, rəsmi Paris özünün dövlət və cəmiyyət olaraq üzləşdiyi problemləri Azərbaycana şamil edib. Özünü demokratik dəyərlərin carçısı kimi tanıdan Paris bu gün öz Avropa sərhədlərindən minlərlə kilometr uzaqda, Cənubi və Mərkəzi Amerika, Afrika, Asiya və Okeaniyada 13 ərazini hələ də nəzarətdə saxlayır. Həmin ərazilərdə prezident Emmanuel Makron və komandasının apardığı siyasət rəsmi Parisin nə dərəcədə demokratiyadan uzaq olduğunu göstərir. Fransanın 13 min kilometr uzaqlığında nəzarətdə saxladığı Yeni Kaledoniyanın aborigen sakinləri olan kanakların sayını azaltmaq və onların ada dövlətində mütləq çoxluq olmasını önləmək üçün Konstitusiya dəyişikliyinə getməsi və 1998-ci ildə aborigen əhali ilə əldə etdiyi razılaşmanı pozması iğtişaşlara səbəb oldu. Makron diktaturası kanakların haqlı tələbinə zor tətbiq etməklə cavab verdi və adaya minlərlə polis, jandarm və qoşun göndərdi. 10-a qədər insanın ölümü, minlərlə insanın yaralanması və həbs edilməsi ilə nəticələnən hadisələr Fransanın neokolonial statusunu saxlamaq üçün hər şeyə getməyə hazır olduğunu göstərdi. Yeni Kaledoniyada insan haqları ilə bağlı acı durum Fransız Qvianası, Fransız Polineziyası və digər dənizaşırı müstəmləkə ərazilərdə də mövcuddur. Daha da irəli gedərək, söyləmək olar ki, Fransanın öz Avropa ərazilərində də total qanunsuzluq və polis özbaşınalığı hökm sürür. Makron hakimiyyətinin "Sarı jiletlilər" hərəkatına qarşı qeyri-adekvat güc tətbiqi, insan ölümləri buna misaldır.

Bu cəzasızlıq mühitində əməllərindən ruhlanan Fransaya qarşı beynəlxalq arenada ən dəyanətli və cəsarətli mövqelərdən birini isə məhz Azərbaycan tutur. Fransa neokolonializminin ifşasında, yerli xalqların haqq səsinin dünyaya çatdırılmasında və dənizaşırı xalqlar arasında koordinasiyanın qurulmasında rəsmi Bakının rolu danılmazdır. Əzilən xalqlara diplomatik və humanitar dəstək verən Azərbaycan Bakı Təşəbbüs Qrupu çərçivəsində bu sahədə önəmli işlər görüb. Məhz bu amil Azərbaycanın Qarabağda zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsi ilə birlikdə rəsmi Parisi, prezident Makronu qıcıqlandıran və Fransa XİN vasitəsilə Azərbaycana hücuma keçməsinə səbəb olan amillərdir. Nə siyasi, nə diplomatik, nə də iqtisadi sferada rəsmi Bakıya heç bir təzyiq göstərmək imkanı olmayan Makron diktaturası insan haqları və məhkəmə sistemini “zəif damar” hesab edərək bu yöndən Bakının əsəblərini tarıma çəkməyə çalışır. Amma həmişə olduğu kimi öz cəhdlərində uğursuzluğa düçar olur.

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransa XİN-in bəyanatına şərhində yer alan fikirlər əslində bütün böhtanlara nöqtə qoyur. Rəsmi Bakı Azərbaycanda həbsdə olan 2 Fransa vətəndaşının əsassız həbs olunmadığını, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edildiyini vurğulayıb. "Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur.

Bunun əksinə, Fransa tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələr Fransanın təbliğ etdiyi “insan hüquqlarına” tamamilə zidd olduğu aydındır", - deyə açıqlamada deyilir. Göründüyü kimi, Azərbaycanla münasibətləri ən aşağı səviyyəyə endirən Fransanın bundan sonra da Azərbaycana silahlandırdığı və yeni eskalasiyaya sürüklədiyi Ermənistan vasitəsilə və "insan hüquqları" kontekstində təxribatlar törətməyə davam etməsi gözlənilir. Amma rəsmi Paris anlamalıdır ki, Bakıya qarşı heç bir təsirli rıçaqı mövcud deyil. Atdığı addımları yüz ölçüb, bir biçən rəsmi Bakı da bu niyyətləri bilir və hər zaman olduğu kimi qabaqlayıcı və effektiv tədbirlər görür.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR