Fransanın neokolonial siyasəti çat verir-Yeni Kaledoniyada etirazlar sonun başlanğıcıdır - TƏHLİL

Fransanın neokolonial siyasəti çat verir-Yeni Kaledoniyada etirazlar sonun başlanğıcıdır - TƏHLİL
# 16 may 2024 14:20 (UTC +04:00)

Dünya XXI əsrin 24-cü ilində neokolonial siyasətin ən amansız və aşkar təzahürü ilə üz-üzədir.

Fransa XIX əsrin ortalarından əsarətdə saxladığı, öz sərhədlərindən 20 min kilometr uzaqda - Sakit okeanda yerləşən Yeni Kaledoniya arxipelaqına qoşun yeridib. Fransa xüsusi inzibati ərazi statusu verdiyi bölgənin bütün limanlarını və hava limanlarını nəzarətə alıb, arxipelaqda komendant saatı tətbiq edib, sosial şəbəkələrə giriş qadağan olunub.

Rəsmi Paris addımını adada kütləvi iğtişaşlardan dolayı ictimai asayişin bərpası zərurəti ilə izah edib. Halbuki, Yeni Kaledoniyada iğtişaşların fitilini elə Fransa hakimiyyəti özü yandırıb.

Paris Yeni Kaledoniyanın aborigen sakinləri olan kanakların sayını nəzarətdə saxlamaq və onların ada dövlətində mütləq çoxluq olmasını önləmək üçün Konstitusiya dəyişikliyinə gedir. Dəyişikliyə əsasən, Yeni Kaledoniyada 10 ildən artıq yaşayan hər kəsə yerli seçkilərdə səsvermə hüququ verilir.

Bu isə 1998-ci ildə Fransa hakimiyyəti və Yeni Kaledoniyanın yerli hökuməti arasında imzalanmış razılaşmanın pozulması deməkdir. Çünki həmin razılaşmaya əsasən, səsvermə siyahısına həmin razılaşma qüvvəyə minən ana qədər arxipelaqda yaşayan sakinlər və onların övladları daxil edilmişdi.

Dəyişiklik adaya son illərdə Fransadan köçən və Yeni Kaledoniya sakinlərinin 20%-ni təşkil edən yeni sakinlərə də səsvermə hüquq vermiş olur. Rəsmi Paris bu addımı atmaqla adada hər il daha da azalan fransız əhalinin sayını artırmağa, onlardan “beşinci kolon” kimi istifadə etməyə və aborigen kanakların müstəqillik istəyini sıfırlamağa çalışır.

Çünki Makron hakimiyyəti hazırda Yeni Kaledoniyada əhalinin 41%-ni təşkil edən və ildən-ilə ümumi əhali sayında çəkisi artan kanakları nüfuzlu azlıq kimi saxlamaqda maraqlıdır. Məhz buna görə onlar Konstitusiya dəyişikliyinə gedib, kanakların haqlı etirazlarına qarşı güc tətbiq edirlər. Kanaklar yeni dəyişikliklə adanın gələcəyinin onların əlindən alınacağını, seçici elektoratının fransızların xeyrinə dəyişəcəyini bilirlər və buna etiraz edirlər.

Etirazların yatırılması missiyasını isə Fransanın bölgədə canişin rolunu icra edən, kanaklara xüsusi nifrəti ilə seçilən ali komissarı Lui Le Frank icra edir. Yeni Kaledoniyanın paytaxtı Numeada aksiyalarda azı 3 yerli kanak gəncinin öldürülməsi, yüzlərlə kanaklının isə həbsə atılması bu nifrətin təzahürüdür.

Komissar Lui Le Frank baş verən toqquşmalarda ölüm və dağıntılardan dolayı yerli aborigenləri təqsirli bilib. Onun fikrincə, aksiyalar zamanı ölənləri polis deyil, yerli mülki müdafiə qüvvələri güllələyib.

Göründüyü kimi, kolonial hakimiyyət və onların tabeliyində olan yerli hüquq-mühafizə orqanları qeyri-proporsional güc tətbiqinə haqq qazandırmaq üçün hər cür dezinformasiyaya əl atmağa hazırdır.

Hazırda Yeni Kaledoniyada fövqəladə rejimin elan olunduğu, repressiya dalğasının baş qaldırdığı, kanakların kütləvi həbslərinin baş verdiyi, arxipelaqın müstəqilliyini tələb edən, etirazların rəhbəri olan 2 siyasi xadimin ev dustaqlığına salındığı, vətəndaşların hüquqlarının məhdudlaşdırıldığı bildirilir.

Arxipelaqda hazırda 1800 fransız polisi və jandarm yerləşdirilib. Etirazları boğmaq cəhdlərinə, polis zorakılığına, kütləvi həbslərə baxmayaraq, Makron hökuməti kanakların mübarizə əzmini daha da körükləyib. Yeni Kaledoniyanın müstəqilliyi üçün etirazların daha üst səviyyəyə çıxacağını gözləmək olar.

Bu xalq etirazlarını əksər dünya ölkələri, xüsusilə Azərbaycan diqqətlə izləyir. Bu mənada Fransa imperializmindən əziyyət çəkən xalqlara dəstək üçün Bakıda baş tutan görüş və konfransları qeyd etmək lazımdır.

Eyni zamanda Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyalarında (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa və Korsika) müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkatın Yeni Kaledoniyada baş verənlərlə bağlı verdiyi birgə Bəyanatı siyasi baxımdan önəmli məna daşıyır. Bakı Təşəbbüs Qrupu və Fransa müstəmləkəçiliyinin qurbanı olan bölgələrin siyasi təmsilçiləri Kanak xalqı ilə tam həmrəyliyini ifadə edib, Fransanı müstəmləkə siyasətini dayandırmağa və Kanak xalqına öz taleyini sərbəst həll etmək hüququ verməyə çağırıb.

Bəyanat Yeni Kaledoniya ilə yanaşı, Fransanın istismar etdiyi digər koloniyaların da müstəqillik istədiyini, bu istəyin zor gücü ilə yatırıla bilinməyəcəyini göstərir.

Fransanın neokolonializm siyasətinin iflasa uğramasında rəsmi Bakının aktiv, beynəlxalq hüquqa söykənən ədalətli mövqeyi isə Parisdə narahatlıqla qarşılanır. Paris Bakının onun irqçi, neokolonist simasını ifşa etməsini həzm edə bilmir. Fransanın daxili işlər naziri Jerar Darmaninin Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanın ünvanına absurd iddialar səsləndirməsinə başqa ad vermək olmur.

Nazir “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara “müdaxilə etməkdə” və arxipelaqdakı müstəqilik tərəfdarlarının guya Azərbaycanla hansısa “sövdələşməyə” getdiyini iddia edib.

Heç bir fakt, dəlil gətirmədən səslənən bu açıqlamalar, əslində, Fransanın həqiqətlə üzləşməyin yaratdığı təşvişin ifadəsi kimi izah oluna bilər. Neokolonial siyasətinin perspektivsizliyini, yerli xalqların hüquq və haqlarını tapdaladığını anlamaq yerinə, rəsmi Paris yerli sakinlərin etirazını kənar dairələrdə axtarır, bununla da, özünü gülünc vəziyyətə salır.

Rəsmi Bakının Darmaninin əsassız iddialarına cavabı da məhz bunu ehtiva edir. Azərbaycan XİN Fransanın daxili işlər nazirinə Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməyi məsləhət görüb. Darmaninə öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsi, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirməsi tarixi xatırladılıb.

Beləliklə, Fransanın XXI əsrdə davam etdirdiyi neokolonial siyasətin artıq yavaş-yavaş dağılmağa başladığını görürük. Yeni Kaledoniyada baş verən hadisələrin doğuracağı zəncirvari reaksiya bunu deməyə əsas verir.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR