Qərb-Ermənistan-Rusiya üçbucağı: Bəyanatlar yalan, rəqəmlər real - TƏHLİL

Qərb-Ermənistan-Rusiya üçbucağı: Bəyanatlar yalan, rəqəmlər real - TƏHLİL
# 16 sentyabr 2024 15:19 (UTC +04:00)

Hazırda Rusiya ilə Ermənistan arasında maraqlı tendensiya müşahidə etməkdəyik. Maraqlı sayıla biləcək tendensiya isə ondan ibarətdir ki, gərgin siyasi polemika, qarşılıqlı ittihamların dozası artdıqca iki ölkə arasında ticarət dövriyyəsi də artır.

Artıq uzun müddətdir ki, iki ölkə rəsmiləri bir-birinin ünvanına kəskin bəyanatlar səsləndirirlər. Ermənistan rəsmiləri Rusiyanı “satqın” adlandırmaqdan belə çəkinmirlər, eyni ritorikanı Rusiya tərəfində də müşahidə etmək mümkündür. Əgər Ermənistan tərəfi Qarabağ məsələsində tutduğu mövqeyə görə Rusiyanı satqın hesab edirsə, Moskvadakılar Ermənistanın onu Qərbə satdığını düşünürlər.

Qarşılıqlı siyasi ittihamlar iki ölkə arasında münasibətlərdə gərginlik görüntüsü yaradır. Ona görə görüntü deyirik ki, faktlar başqa məsələlərdən xəbər verir. Söhbət iki ölkə arasında iqtisadi sahədə əlaqələrdən gedir. Bu əlaqələrdə isə siyasi polemikalardakı gərginliyin tamam əksi olan proseslər baş verir.

Danışmaq, siyasi bəyanatlar verib, sonra fikrini dəyişmək olar, siyasətə belə anlar tez-tez baş verir. İqtisadiyyat isə rəqəmdir, rəqəm olan yerdə yalan danışmaq imkanı qalmır. Rəqəmlər isə Rusiya ilə Ermənistan arasında iqtisadi münasibətlərin hansı sürətlə dərinləşdiyini birbaşa ortaya qoyur.

İki ölkə arasında iqtisadi münasibətlərin necə inkişaf etdiyini əks etdirən rəqəmlər son olaraq Rusiya-Ermənistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədrləri – Rusiya baş nazirinin müavini Aleksey Overçukla Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında bir neçə gün əvvəl İrəvanda keçirilən görüşdə səsləndirildi.

Aleksey Ovurçuk bildirdi ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 55,8% artaraq 7,4 milyard dollara çatıb. Bu il artım tempi daha da yüksəlib. Overçukun sözlərinə görə, bu ilin birinci yarısında Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 8,4 milyard dollar olub. İlin sonuna isə bu rəqəmin 14-16 milyard dollara çatdırılması nəzərdə tutulub. Elə həmin Overçuk xatırladıb ki, 2020-ci ildə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi cəmi 2,3 milyard dollar təşkil edib.

Bu rəqəmləri təhlil etdikdə kəskin paradoks meydana çıxır. Məlumdur ki, Rusiya və Ermənistan arasında münasibətlər məhz 2020-ci ildən - 44 günlük Vətən müharibəsindən sonra kəskinləşməyə başlayıb. Paradoks ondadır ki, iki ölkə arasında iqtisadi münasibətlərdə yüksəliş də məhz 2020-ci ildən sonraya təsadüf edir. Ötən müddət ərzində iki ölkə arasında ticarət dövriyyəsi, nə az nə çox, 4 dəfəyədək artıb. Siyasi ittihamlara əsaslansaq, əslində, iki ölkə arasında münasibətlər pisləşmələri, iqtisadi əlaqələrdə də soyuqluq yaranmalı idi. Amma tam əksi baş verir. Siyasi gərginlik artdıqca, iqtisadi münasibətlər dərinləşir, inkişaf edir. Niyə?

Demək ki, hər iki tərəf yalançı siyasi gərginlik ritorikası ilə dünyanı aldadır, əslində isə iqtisadi cəhətdən daha da yaxınlaşırlar. Özü də bunlar Rusiyanın ABŞ və Qərbin sanksiyaları altında olduğu bir vaxtda baş verir. Yəni Ermənistan sanksiya altında olan Rusiya ilə ticarət dövriyyəsini çox rahat şəkildə artırma yolunda inamla irəliləyir. Digər maraq doğuran məsələ isə budur ki, həm ABŞ, həm Qərb buna göz yumur, Ermənistan və Rusiya arasında iqtisadi münasibətlərin dərinləşməsindən heç bir narahatlıq keçirmir. Gəlinən nəticə budur ki, Qərb-Ermənistan-Rusiya üçbucağında hər şey rəvan gedir, tərəflər vəziyyətlərindən məmnundur.

Sanksiyalar altında olan Rusiyanın iqtisadiyyatını inkişaf etdirmək üçün Ermənistanın xidmətlərindən yararlanmasını anlamaq olar. Anlaşılmayan siyasi bəyanatlardakı yalançı tondur. Rəqəmlər Moskvanın əsl simasını ortaya qoyduğu kimi, Ermənistanın da əsl sifətini ifşa edir.

Təbii ki, baş verənləri susqun qarşılamaqda Qərbin də öz maraqları var. ABŞ, eləcə də Avropa İttifaqına daxil olan ölkələr sanksiya altında olan Rusiya ilə birbaşa iqtisadi əlaqələr qura bilmədiyindən üçüncü ölkələrdən, əsasən də, Ermənistandan tranzit ölkə kimi istifadə edərək öz iqtisadi maraqlarını təmin edirlər. Ukrayna ilə müharibəyə görə Rusiyaya qarşı hər cür sanksiyalara əl atan Qərbin digər tərəfdən bu cür addım atması onun də nə dərəcə ikiüzlü olduğunu ortaya qoyur.

Məlum olur ki, siyasi bəyanatlardakı ritorika iqtisadi maraqlarla tərs mütənasibdir. Qərb də, Ermənistan da, Rusiya da hər biri öz maraqları üçün çalışır. Siyasi bəyanatlarla isə baş qatırlar.

Ermənistanın Rusiyanın sanksiyadan kənarda qalması üçün həlqənin əsas bəndi olduğunu Beynəlxalq Maliyyə İnstitutunun (IIF) sabiq baş iqtisadçısı Robin Bruks faktlarla dəfələrlə açıqlayıb.

Tanınmış iqtisadçı hələ 2023-cü ilin dekabrında yazırdı ki, Ermənistan Rusiyaya sanksiyalardan kənar məhsulların ixracında kömək edir. Onun yazdığına görə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqından Ermənistana ixrac 200% artıb. Bu məhsullar isə Ermənistandan tranzit kimi istifadə olunmaqla Rusiyaya gedir.

Robin Bruks son olaraq bu ilin sentyabr ayının əvvəlində yazırdı ki, Qərb ölkələri öz məhsullarının Rusiyaya tədarükünü dörd tranzit ölkə vasitəsilə davam etdirir. Qərbdən Ukrayna ilə müharibə aparan Rusiyaya tədarük edilən mallar arasında hərbi sənaye kompleksində istifadə olunan ikili təyinatlı məhsullar da var.

“Rusiyaya məhsul tədarük etməkdə Almaniya liderdir. Berlin Qırğızıstan, Qazaxıstan, Gürcüstan və Ermənistandan tranzit kimi istifadə edərək Rusiyaya müxtəlif təyinatlı məhsullar göndərir.

ABŞ məhsullarının Rusiyaya tədarükünü, əsasən, Gürcüstan üzərindən həyata keçirir. İtaliya isə marşrut olaraq daha çox Qırğızıstan və Ermənistandan tranzit kimi yararlanır”, - deyə Robin Bruks qeyd edir.

Yuxarıda sadalanan faktlar göstərir ki, Qərb və Rusiya Ermənistana münasibətdə hər zaman olduğu kimi ikili oyunlara davam edir. Bu oyunlar sırasında Ermənistanın iqtisadi və hərbi cəhətdən gücləndirilməsi, İrəvanın Azərbaycana qarşı revanşist xəyallara düşməsi də var. Azərbaycan isə baş verənləri aydın görür və lazım olan nəticəni çıxarır. Qərbə və Rusiyaya sona qədər etibar etməyin qeyri-mümkün olduğu tarixin sınağından çıxmış aksiomadır. 30 illik işğal dövründə münaqişənin nizamlanması üçün guya vasitəçilik missiyasını üzərinə götürmüş Rusiya və Qərbin (ABŞ və Fransa) hansı planlar qurduğu, Azərbaycana hansı şərtləri qəbul etdirmək istədiyini məlumdur. Odur ki, Qərb-Ermənistan-Rusiya üçbucağında baş verənlər kimlər üçünsə yeni və gözlənilməz olsa da, Bakı bu kombinasiyaların arxasında hansı məqsədlərin dayandığını yaxşı bilir.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR