Yeni nəsil erməni terroru XXI əsrdə də təhlükəsizliyi təhdid edir - TƏHLİL

Aram Branson

© APA | Aram Branson

# 03 sentyabr 2024 13:59 (UTC +04:00)

Erməni terrorunun tarixi əsrlərə dayanır. Təəssüf ki, türklərə və azərbaycanlılara nifrət əsasında qurulan bu qanlı ənənə XXI əsrdə də aradan qalxmayıb.

Erməni terror maşını bu gün də öz işindədir, əsas hədəfi isə yenə də azərbaycanlılar və türklərdir.

ABŞ Ədliyyə Nazirliyinin bir neçə gün əvvəl yaydığı məlumat belə qənaətə gəlməyə əsas verir.

Məlumata görə, erməni əsilli Aram Bronson azərbaycanlılara qarşı bomba hazırlamaqda ittiham edilir.

İttiham sənədlərinə əsasən, Branson 2023-cü ilin yanvarında Çikaqo Universitetindəki yataqxanada partlayışa səbəb olduqdan sonra hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Hüquq-mühafizə orqanları Bransonun partlayıcı qurğu hazırladığını və bu cihazın partlaması nəticəsində otağının yanmasına və yataqxananın təxliyə olunmasına səbəb olduğunu aşkarlayıblar. O vaxt Branson hüquq-mühafizə orqanlarına internetdə gördüyü bir zarafatı təqlid etdiyini bildirib.

Sonrakı araşdırmalar Bransonun Ermənistanın məqsədlərini dəstəkləmək üçün birbaşa terror fəaliyyəti ilə məşğul olmaq istədiyini ortaya qoyub. Həmçinin, Bransonun özünün partlayıcı cihazlar hazırlamaq, qapı və masaların qumbaralarla təchiz edilməsini göstərən videolarını çəkdiyi iddia olunur.

Bu da azmış kimi, 2023-cü ilin avqustunda Branson Bostondan Ermənistana səfər edərkən baqajında olan qeyri-adi və çox təhlükəli partlayıcı maddələrə görə hava limanının həyəcan siqnalı işə düşüb. İddia olunur ki, o, gömrük və sərhəd mühafizəsi rəsmilərinə partlayıcı materialın onun baqajına necə düşdüyünü bilmədiyini deyib. Axtarış zamanı Bransonun Nyutondakı evində həmin partlayıcını hazırlamaq üçün geniş resept tapılıb. Bransonun internetdəki axtarışları da ABŞ-da xarici diplomatik obyektlərə qarşı cinayət törətməyə planlaşdırdığını göstərir.

Təbii ki, xarici diplomatik obyektlər kimi, ilk növbədə, Azərbaycanın ABŞ-da yerləşən diplomatik nümayəndəlikləri seçilmişdi.

İttiham sənədlərində o da qeyd olunur ki, Bransonun bomba hazırlamaqda məqsədi Qarabağda ermənilər üçün guya təhlükə yaradan azərbaycanlılara və başqalarına qarşı bundan istifadə etmək olub (yəqin ki, bu plan 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilmiş antiterror əməliyyatından əvvəlki dövr üçün nəzərdə tutulub).

Erməni terror ənənələrinin davamçısı olan 21 yaşlı gəncin Azərbaycan dövlətinə qarşı terror aktları planlaşdırdığı, bunun üçün əməli fəaliyyət göstərdiyi göz önündədir.

Buna rəğmən, ABŞ təhlükəsizlik qüvvələrinin, Ədliyyə Nazirliyinin, o cümlədən araşdırmalara qoşulan Federal Təhqiqatlar Bürosunun passivliyi diqqət çəkir. Yataqxanada törətdiyi partlayış və evində aşkar olunan terror planlarına rəğmən, ABŞ hüquq-mühafizə orqanlarının onu dərhal həbs etməməsi, potensial terrorçunun hər dəfə gətirdiyi bəhanələrə inanması təəccüblüdür. Bu passivliyin nəticəsidir ki, Aram Branson ABŞ hüdudlarını tərk etməyə imkan tapıb, Ermənistana sığınıb.

Onun Ermənistanın paytaxtı İrəvan şəhərində olduğu və orada Amerikan Universitetində təhsil aldığı güman edilir.

Daha bir təəssüf doğuran məqam isə potensial terrorçunun yalnız məlumatları saxtalaşdırmaq, gizlətmək və ya ört-basdır etmək, həmçinin federal rəsmilərə yalan bəyanatlar verməkdə ittiham olunmasıdır. İttihamların hər biri beş ilədək həbs cəzası, üç il şərti azadlıq və 250 min ABŞ dollarına qədər cərimə nəzərdə tutur. Amma ortada olan maddi sübutlar, çoxsaylı faktlar Aram Bransonun Azərbaycana qarşı terror aktları planlaşdırdığını və onun iradəsindən asılı olmayan səbəblərə görə bu niyyətini həyata keçirə bilmədiyini ortaya qoyur. Odur ki, ona qarşı irəli sürülən ittihamların bu qədər yumşaq olması ABŞ hüquq-mühafizə sistemindəki boşluqlardan, yaxud başqa nüanslardan xəbər verir.

Aram Bransonun Ermənistana sığınması faktı isə bu ölkənin dövlət səviyyəsində terroru dəstəkləməsinə daha bir sübutdur.

Özünü demokratik dövlət kimi təqdim edən Ermənistan müstəqillik tarixinin bütün dövrlərində terrorçular üçün sığınacaq mənbəyi olub.

Məsələn, 2001-ci ildə Fransa ömürlük həbs cəzası verdiyi ASALA terrorçusu Varujan Karapetyanı 18 illik həbsən sonra Ermənistana təhvil vermişdi. Həmin vaxt terrorçunu qəbul edən Ermənistanın baş naziri Andranik Markaryan terrorçunun mükafatlandıracağına söz vermişdi. Varujan Karapetyan İrəvanda evlə və işlə təmin olunmuşdu.

Halbuki Varijan Karapetyan 15 iyul 1983-cü il tarixində Parisin "Orli" hava limanında "Türk Hava Yolları"nın sərnişin təyyarəsinə bomba yerləşdirmişdi. Amma bomba təyyarə havaya qalxmazdan əvvəl partlamış, nəticədə aralarında Fransa vətəndaşları da olmaqla, 8 nəfər həlak olmuşdu.

Ermənistan rəhbərliyi isə mülki şəxslərə qarşı terror əməllərinə görə Karapetyanı mükafatlandırır.

Ermənistanın terrorçulara qucaq açmasına daha bir nümunə isə yaxın tarixdə baş verib. 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirləndirilərək ömürlük həbs cəzası alan ASALA üzvü, erməni terrorçusu Ambik Sasunyan 2021-ci ilin oktyabrında ABŞ tərəfindən müəmmalı şəkildə həbsdən azad edilib və o, İrəvana köçüb.

Sələflərindən fərqli olaraq, demokratik hökumət qurduğunu iddia edən hazırkı baş nazir Nikol Paşinyanın beynəlxalq terrorçunu qəbul etməsi, əslində, onun da erməni terroruna birbaşa dəstək verməsindən xəbər verir.

Ümumiyyətlə, erməni terroru öz amansızlığı və günahsız insanları hədəfə alması ilə fərqlənir. Odur ki, erməni terrorunun tarixinə qısa nəzər salmaqda fayda var.

XIX əsrin ikinci yarısında Osmanlı və Rusiya İmperiyalarının ərazisində yaranan ilk erməni terror qruplaşmaları yerli dövlət və hərbi xadimləri hədəf alsa da, qısa zamandan sonra əsas terror hədəfi mülki azərbaycanlılar və türklər olub.

Erməni terror qruplaşmalarının ilk aksiyalarından biri 1896-cı il avqustun 26-da terrorla sıx bağlı “Daşnaksutyun” partiyasının 25 üzvünün İstanbulda Osmanlı Bankını ələ keçirməsi və insanları girov götürməsi idi. Həmin terrorçulara Qərb dövlətləri və Rusiyanın təhlükəsizlik təminatı altında Fransanın Marsel şəhərinə getməsinə icazə verilir. Cəzasız qalan aksiya erməni terrorçularının daha da ruhlanmasına, daha da mütəşəkkil təşkilatlanmasına və aksiyalarının miqyasını genişləndirməsinə şərait yaradır. 1905-1906-cı illərdə erməni terroru bu dəfə Rusiya İmperiyası ərazisində baş verən və tarixə erməni-müsəlman qırğını kimi düşən, minlərlə insanın ölümü ilə nəticələnən qanlı toqquşmalarda özünü göstərir. Çar Rusiyasının da bəzən gizli, bəzən aşkar dəstəyi ilə Bakı, Naxçıvan, İrəvan, Tbilisi, Qarabağ və Zəngəzurda erməni silahlı birləşmələri azərbaycanlılar yaşayan bütöv kəndlərə və şəhərlərə hücumlar edirdi.

Aksiyalarda erməni terrorunun təşkilatlandığı əsas birliklər “Daşnaksütyun” və Hnçak” partiyaları idi. Birinci Dünya Müharibəsi, Osmanlı və Rusiya İmperiyalarının çöküşü nəticəsində yaranan hərbi-siyasi və sosial-iqtisadi xaos fonunda erməni terroru özünü daha açıq şəkildə göstərir. 1920-1922-ci illər ərzində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı Türkiyəsinin bır sıra keçmiş dövlət xadimlərinin silsilə qətli baş verir. Erməni terrorçuları AXC-nin keçmiş baş naziri Fətəli Xan Xoyski, parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayevi, keçmiş daxili işlər naziri Behbud bəy Cavanşiri, keçmiş baş nazir Nəsib bəy Yusifbəylini qətlə yetirir.

Bundan başqa, Osmanlı Türkiyəsinin keçmiş daxili işlər naziri Tələt Paşa, keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa və s. şəxslər erməni terror qruplaşmaları tərəfindən öldürülür.

Erməni terrorunun növbəti “intibahı” ötən əsrin 70-ci illərinə təsadüf edir. Livanın paytaxtı Beyrutda yaradılan "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" (ASALA) dünyanın müxtəlif ölkələrində çalışan 40-dan artıq türk diplomatını qətlə yetirir, 1982-ci ildə Ankara aeroportunda 9 nəfərin öldüyü terror hücumu gerçəkləşdirir.

Diaspor ermənilərinin yaratdığı ASALA ilə yanaşı, Ermənistanda yaradılmış terrorçu qruplaşma 1977-ci ildə Moskva metropolitenində 7 nəfərin öldüyü silsilə terror aktları həyata keçirir.

Erməni terrorunun növbəti mərhələsi 1988-ci ildə Ermənistanın Qarabağda Azərbaycana qarşı başlatdığı təcavüzkar siyasətlə bağlıdır. Dövlət səviyyəsində öz məqsədlərinə çatmaq üçün terrordan istifadə edən Ermənistan müstəqillik dövründə minlərlə azərbaycanlının, o cümlədən 256 uşağın ölümünə səbəb olub. Erməni terroru son vaxtlara qədər Azərbaycan dövlətinə qarşı davam edib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağda antiterror əməliyyatı da məhz terror aktından - erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslərin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının şəhid olması və yaralanmasından sonra baş tutdu.

Hadisələrin xronologiyası Ermənistanın hələ də məqsədlərinə çatmaq üçün terrorizm metodlarından imtina etmədiyini, erməni terrorunun “yeni nəsil” dalğasının qalxa biləcəyini göstərir.

Bunun ən bariz nümunəsi yuxarıda adı qeyd olunan erməni əsilli Aram Bransondur. Görünən odur ki, yeni nəsil erməni terrorçuları yetişir. Terroru hər zaman dövlət siyasətinə çevirmiş Ermənistanın Aram Branson və Ambik Sasunyan kimilərinə qucaq açması isə hazırkı İrəvan rejiminin də terror fəaliyyətinə dəstək verdiyini açıq şəkildə ortaya qoyur.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR