ABŞ-Azərbaycan münasibətləri: İkiqütblü dünya düzəninə qayıdışdan doğan gərginlik - TƏHLİL

abs azerbaycan munasibetleri ikiqutblu dunya duzenine qayidisdan dogan gerginlik tehlil
Bakı – APA. Son bir neçə aydır ki, ABŞ-Azərbaycan münasibətlərdəki soyuqluq 2015-ci ilin ilk günlərində də davam etməkdədir.

İki ölkənin münasibətlərinin, ortaq maraqların ruhuna zidd olan bu soyuqluğun kökündə hansı faktorlar dayanır? Ekspertlərin məsələ ilə bağlı fikirləri müxtəlifdir. Onlar mövcud durumu  bu və ya digər şəkildə ABŞ-Rusiya münasibətlərinin formalaşdırdığı yeni şərait, Azərbaycan daxilində gedən və ABŞ-ın o qədər də əhəmiyyət kəsb etməyən maraqlarına toxunan bəzi proseslər, yaxud da qlobal siyasi sistemdə güclər balansının yenidən formalaşması ilə əlaqələndirməyə çalışırlar?

 

Öncə qeyd etmək lazımdır ki, Azərbaycan həm ABŞ, həm Rusiya, həm də digər dövlətlərlə münasibətləri ittifaqlarda iştirak etməmək, qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr formatında qurur. Bu səbəbdən problemin kökündə ABŞ-Rusiya münasibətlərindən qaynaqlanan məqamların dayanmadığı aydındır. Çünki Azərbaycan:

 

  1. Rusiyanın müəllifi olduğu heç bir ciddi siyasi layihədə iştirak etmir,
  2. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil,
  3. Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşulmayıb,
  4. Kremlin gərgin münasibətlərdə olmasına rəğmən Ukrayna və Gürcüstanla ənənəvi münasibətlərini davam etdirir,
  5. NATO-nun sülhməramlı əməliyyatlarında aktiv iştirak edir, özəlliklə NATO yüklərinin Əfqanıstana və geriyə daşınmasında həlledici rola malik ölkədir,
  6. Avropanın enerji təhlükəsizliyində mühüm yer tutan layihələrin təşəbbüskarıdır,
  7. Enerji nəqli marşrutlarının Gürcüstan-Türkiyə xətti ilə Avropaya çatdırılması siyasəti yürüdür.

 

Azərbaycan bu siyasəti ABŞ-ın diktəsi ilə deyil, öz milli maraqlarından çıxış edərək yürüdür, eyni zamanda qlobal güclər arasında münasibətlərin mövcud vəziyyəti nəzərə alınır. Bu səbəbdən ABŞ-ın Azərbaycanla münasibətləri Rusiya faktoruna görə gərginləşdirməsi iddiaları əsassız sayılmalıdır. Çünki Azərbaycan məhz müstəqillik və milli təhlükəsizlik maraqlarından çıxış edərək

 

  1. İrana qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb,
  2. Ukraynadan fərqli olaraq NATO-ya üzv olmağı xarici siyasi prioritet kimi qəbul etməyib,
  3. Yaxın Şərq siyasətində Suriyadakı legitim hakimiyyətə qarşı kampaniyalarda iştirak etmir.

 

Problemə yenə ABŞ-Rusiya münasibətləri prizmasından baxsaq, Azərbaycanın xarici siyasətinin bu və ya digər şəkildə hər hansı qlobal gücün maraqlarının əleyhinə olunduğu görüntüsü yarana bilər. Lakin bu o demək deyil ki, Azərbaycan bu addımları Rusiyanın və ya ABŞ-ın diktəsi ilə atır. Sadəcə, Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasət yürüdür və atdığı addımları hansı fövqəlgücün marağına uyğun olmasına görə deyil, məhz öz milli maraqlarına uyğun olaraq müəyyənləşdirir. Azərbaycan müasir xarici siyasətinin təhlili onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq sistemin bütün aktorları ilə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə, həmçinin milli maraqlarına uyğun balans siyasətinə üstünlük verməkdə maraqlıdır. Bu siyasətə görə Azərbaycanı ittiham etmək absurd və gülüncdür, çünki qlobal sistemdə beynəlxalq münasibətlərin dəyişməkdə olan xarakteri nəzərə alınmaqla, kiçik ölkələr üçün öz əlaqələrini məhz bu əsaslarda tənzimləmək daha optimal variantdır.

 

ABŞ-ın Azərbaycana basqı siyasəti başqa hansı amillərlə əsaslandırıla bilər? Xatırladaq ki, Vaşinqtonun Azərbaycana qarşı siyasətində əsaslandırılmamış gərginlik son altı ayda daha qabarıq nəzərə çarpır. Sual olunur: Bu müddətdə iki ölkənin münasibətinə xələl gətirə biləcək və İNDİYƏDƏK QEYDƏ ALINMAMIŞ HANSI PROBLEMLƏR müşahidə olunub ki, bu, ABŞ-ın maraqlarına toxunub və Vaşinqtonu Bakı ilə münasibətləri korlamağa məcbur edib. Demokratiyanın durumu VAŞİNQTONUN AZƏRBAYCANA QARŞI QEYRİ-ADEKVAT SİYASƏTİNİN əsl səbəbi ola bilərmi? Axı belə problemlər əvvəllər də zaman-zaman mövcud olub, lakin Vaşinqtonun Azərbaycana münasibətində ciddi dəyişikliklərlə nəticələnməyib. Digər tərəfdən həm konkret cinayət əməllərində təqsirli bilinərək həbs olunmuş media və QHT təmsilçilərinin məsələsi, həm ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin fəaliyyətinin dayandırlması sırf Azərbaycan qanunvericiliyinə əsasən, əsaslandırılmış şəkildə həyata keçirilib və burada söhbət hansısa dövlətin maraqlarına qarşı savaş açılmasından deyil, qanunun tələblərinə riayət olunmasından gedir.

 

Qanunvericiliyə əsasən, Azərbaycanda xarici ölkələrin media qurumlarının nümayəndəliklərinin yaradılması dövlətlərarası müqavilələr əsasında tənzimlənən məslədir. Azərbaycanla ABŞ arasında müvafiq müqavilənin olmamasına baxmayaraq, “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin fəaliyyət göstərməsi həm də rəsmi Bakının Vaşinqtona jesti kimi qiymətləndirilə bilər. Bununla yanaşı, Azərbaycan həm də daxili qanunlarını pozan xarici media quruluşlarına qarşı mövcud qanunvericilik çərçivəsində tədbirlər görmək səlahiyyətinə malikdir. “Azadlıq”la bağlı məsələdə də məhz bu media orqanı tərəfindən Azərbaycan qanunlarının pozulması faktları müəyyənləşdirilmişdi ki, Baş Prokurorluğun açıqlamasında da bu, açıq-aydın görünürdü. Nəticə etibarilə ABŞ-ın qanunun implimentasiyasına qarşı çıxması  və bu əsasda Azərbaycan kimi strateji mövqeyə sahib ölkə ilə münasibətləri gərginləşdirməsi olduqca qəribə görünür.

 

Digər tərəfdən Azərbaycan ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurur və tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb edir. Təəssüf ki, sonuncu prinsip ABŞ tərəfindən mütəmadi olaraq pozulur.

 

Yuxarıda da qeyd olunduğu kimi, son dövrlər ABŞ-ın Azərbaycana qeyri-adekvat münasibəti müşahidə edilir. Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ABŞ-la münasibətlərə dair açıqlaması olub. Administrasiyanın şöbə müdiri  bildirib ki, Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm  tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır: “Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir. Düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin  gələcək tendensiyasını da məhz bu amillər müəyyən edəcək”. Göründüyü kimi, Azərbaycan tərəfi ABŞ-la münasibətlərin gərginləşməsi üçün heç bir əsas görmür, əksinə bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün çoxlu zəmin olduğunu vurğulayır. Rəsmi Bakının xarici siyasət kursunu nəzərə alsaq, məntiqlə ABŞ-ın Azərbaycana münasibətində bu açıqlamalara adekvat bəyanatlar səslənməli idi. Lakin təəssüf ki, indiyədək rəsmi Vaşinqtondan heç bir səviyyədə Azərbaycanla münasibətlərin xarakterinə uyğun bəyanat səsləndirilməyib, açıqlama verilməyib.

 

Halbuki əksinə olmalı idi, çünki Azərbaycan ABŞ-ın yürütdüyü siyasətin qurbanları sırasında olan ölkələrdəndir. Uzun illərdir Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən Azərbaycan bu konfliktin nizamlanmasına məsul olan ölkələrin, o cümlədən ABŞ-ın ikili standart siyasətinin hədəfinə çevrilib. İşğalçı Ermənistana həddən artıq loyal siyasət, işğal altında olan ərazilərdə fəaliyyət göstərən separatçı rejimə maddi dəstək verilməsi, həmçinin bəzi hallarda siyasi dəstək xarakterli addımların atılması (rejim rəhbərlərinin Vaşinqtonda qəbulu, Konqresdə Dağlıq Qarabağla dostluq qrupunun yaradılması və s. ) sırf ikili standartdır və Azərbaycanın maraqlarının zərbə altına qoyulması deməkdir. ABŞ-ın Azərbaycan siyasəti hər iki tərəfə zərbə vursa da, rəsmi Bakı bu siyasətə həmişə səbirli yanaşıb. Vaşinqtonun yanaşması isə bu səbrə adekvat deyil və yenə də həmişəki kimi ikili standartlara əsaslanır. Eyni zamanda unutmaq lazım deyil ki, ABŞ-ın İran və Rusiyanı çökdürməyə hesablanan nefti ucuzlaşdırmaq oyunundan zərər çəkən ölkələrdən biri məhz Azərbaycandır.

 

Göründüyü kimi, ABŞ-ın Azərbaycanla münasibətlərində psixoloji basqıya əsaslanan siyasəti üçün rəsmi Bakının mövqeyindən qaynaqlanan konkret əsas yoxdur. O zaman Vaşinqtonun bu siyasətini beynəlxalq sistemin yenidən formalaşması, ikiqütblü dünya düzəninə qayıdış prosesi ilə əsaslandırmaq olar. Hazırda dünyada güclər balansının yenidən formalaşması prosesi gedir və prosesin tərəfdarları daha çox ölkəni yanında görmək istəyir. Yaxın Şərqdə, postsovet məkanında, Avropada gedən bütün proseslərin əsl mahiyyətində bu amil dayanır. Lakin “soyuq müharibə” dövründən fərqli olaraq indi dünyanı iki qütbə bölmək çətindir, dünyanın bir-birinə sıx inteqrasiya olunmuş iqtisadi sistemi, qloballaşmanın geniş miqyas alması dövlətləri “mənimki”, “səninki” deyə qruplaşdırmağa imkan vermir (neftin ucuzlaşdırılması siyasətinin Rusiya və İranla yanaşı ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinə də ciddi ziyan vurmasının səbəbi budur). 

 

Bu səbəbdən ABŞ-ın “soyuq müharibə” dövrünün köhnə üsullarına əsaslanan ətrafında daha çox dövlət  toplamaq cəhdi, basqı siyasətinin bumeranq effekti verməsi ehtimalı daha böyükdür. Bu iqtisadi, siyasi və psixoloji basqı, müstəqil siyasət yürüdən, öz maraqlarını qorumağa üstünlük verən ölkələrin haqlı olaraq ciddi narazılığına səbəb olur. Artıq dünya böyüklərin böyük, kiçiklərin kiçik oyun oynadığı dünya deyil və Vaşinqton öz siyasətində bu faktoru nəzərə almalıdır. Əks təqdirdə çıxarları düzgün hesablamadan, bütün dövlətləri eyni düsturu tətbiq etməklə zorla öz tərəfinə çəkmək siyasəti Vaşinqtonun öz maraqlarını zərbə altına qoymuş olar. Bu siyasət ən azı həmin dövlətləri qarşı tərəfin ətrafına toplaya bilər ki, bunun ən arzuolunmaz variant olduğunu Vaşinqton da bilməmiş deyil. ABŞ müstəqil siyasət yürüdən, neytral mövqedə dayanan ölkələrə təzyiqlərin mənfi nəticə verə biləcəyini nəzərə almalı və siyasətində korrektələr etməlidir. İlk növbədə öz maraqları üçün...

 

Vüqar MƏSİMOĞLU, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ