AKP-nin yeni idarəçiləri kimlər oldu? - TƏHLİL

akp nin yeni idarecileri kimler oldu tehlil

Şənbə  günkü V  qurultayı Əhməd Davudoğlu “təzələnmə şöləni” adlandırdı. Əlbəttə, hüquqi  kimlik daşıyan bütün qurumların ali orqanı olan qurultaylar “təzələnmək” üçün keçirilir və bu mənada AKP lideri Davudoğlu desə də, deməsə də, şənbə  günkü “şölən”  də bir “təzələnmə”dir. Ancaq şənbə günkü “təzələnmə”nin dünya siyasət müntəxəbatında rast gəlinməyən cəhətləri vardır; bəli, professor Əhməd Davudoğlu 27 avqust 2014-cü ilin fövqəladə qurultayında oturduğu AKP lideri kreslosuna bir daha oturdu; amma və lakin xüsusilə siyasi partiyaların qurultaylarının əsas “təzələmə” yeri olan Mərkəzi Qərar və İdarə Şurasının  (MKYK) yeni siyahısında ölkəni 13 ildən bəri idarə edən partiyanın hal-hazırkı liderinin (eyni zamanda hökumət başçısının) deyil, partiyanın qurucu liderinin və hazırkı prezidentinin möhürünü görmək üçün Allahın hamıya verdiyi bir cüt göz kifayət edir. İddialara görə, 30 ildən bəri Ərdoğana yaxınlığıyla tanınan keçmiş nəqliyyat, dənizçilik və kommunikasiya naziri, hazırkı prezidentin baş müşaviri Binali Yıldırım qurultaya təqdim edilmək üçün Əhməd Davudoğlunun hazırladığı MKYK siyahısında öz adını görməyincə sədrliyə namizəd olacağını AKP liderinə çatdırmışdı. Ərdoğanın müdaxiləsiylə Binali Yıldırımın adı MKYK siyahısına daxil edilməklə qalmamış, Davudoğlunun siyahısı tamamilə tədavüldən qaldırılmışdı.

 

12 iyuldakı qurultayı Ankaranın “Arena” salonundan izlədim. Binali Yıldırımla bağlı iddianın doğru olduğuna inanıram. 30 avqustda prezident Ərdoğanın Beştəpə sarayında verdiyi Zəfər bayramı ziyafətində Binali Yıldırımı çox iddialı görmüşdüm; Kars-Tiflis-Bakı dəmiryolunun tikintisində yaranmış problemdən təzəlikcə xəbərdar olduğunu, işi öz nəzarətinə götürdüyünü və yaxın gələcəkdə problemin aradan qaldırılaraq  işlərin tamamlanacağını özündən əmin və tərəddüdsüz şəkildə vurğulamışdı. Bu, mənə baş müşavirdən çox, baş nazirin açıqlaması təsiri bağışlamışdı. Binali Yıldırımın bu şəkildə özündən əmin danışmasının ilhamvericisi isə məlum idi: prezident Ərdoğan feili şəkildə hökumətin  icraatlarını da siyasətin “seyri-səfər”ini də öz qüdrətli nəzarəti altında saxlayır. 12 sentyabrda “Arena” salonunda qurultay nümayəndələrinin səsverməsinə təqdim edilən MKYK siyahısı bunun örnəklərindən biriydi.

 

AKP-nin “təzələnmə şöləni”ninin təsdiqindən keçmiş MKYK siyahısı üzərində gəzinərkən, bir neçə  kriteriyaya önəm verildiyini görürük:

 

Siyahıda Ərdoğan ailəsinin üzvü Bərat Albayrak var. Ərdoğanın siyasət həyatında və xüsusilə İstanbul bələdiyyə başqanlığından üz bəriki dönəmdə ona həmişə etibarlı olmuş adamlar qurucusu olduğu partiyanın MKYK-sında  idi: ən sıxıntılı dönəmlərində onu məhkəmələrdə müdafiə etmiş Həyati Yazıcı, qurulduğu dönəmdə AKP-nin dünyada tanınmasında önəmli rolu olmuş keçmiş mədəniyyət naziri Ömər Çəlik partiyanın vitrinində qalmağa davam edirlər (bazar axşamı keçirilən ilk MKYK toplantısında Ömər Çəlik partiya sözçülüyünə gətirildi).

 

Gülən icmasıyla mübarizədə  ən çox güvəndiyi  iki şəxs olan keçmiş ədliyyə naziri Bəkir Bozdağ və   keçmiş daxili işlər naziri Əfkan Alanın MKYK-da olması Ərdoğanın  partiyanın gələcəkdəki hədəflərini təminat altına almasının   başqa bir göstəricisidir. Türk siyasi həyatının son 30 ilinin hər mərhələsində yeri olmuş, AKP dönəminin ədliyyə naziri, baş nazirin müavini və məclis sədri Cəmil  Çiçəkin, hamı  siyasəti buraxacağını düşündüyü bir dönəmdə  yenidən AKP-nin Mərkəzi Qərar və İdarə Şurasında  “peyda olması” - AKP qurucularından olan keçmiş baş nazir, xarici işlər naziri və prezident  Abdullah Gülün siyasət səhnəsinə qayıtmasını əngəlləmək məqsədi daşıyır. Hazırkı vəziyyətdə Cəmil Çiçəkin AKP-dən kənarda qalması (Türk seçicisi yaxşı tanıyan Ərdoğanın məntiqinə görə)  1 noyabrdan sonra ortaya çıxa biləcək çalxantı ehtimalına qarşı görülmüş  tədbirdir. Mərkəz sağ üzərində təsir  gücü olan Cəmil Çiçək, hazırda gözləmə mövqeyində durmağı tərcih etmiş Abdullah Gül və MQİŞ-dan kənarda qalmış Bülənt Arınçla birlikdə seçici üçün cazibə mərkəzi halına gələ biləcək potensial qüvvələr olduğuna görə, strateji həmlələr indidən yapıldı. Abdullah Gülə yaxınlığıyla tanınan Kayserinin keçmiş bələdiyyə başqanı Məhmət Özhasekinin “təzələnmə şöləni”ndə MQİŞ-ya  daxil edilməsinin məqsədi də budur.

 

12 sentyabr patentli  MQİŞ-da  radikal mühafizəkarlara yer verilməsi AKP-nin  bundan sonrakı dönəmdə  dindar və milliyyətçi seçici təbəqələriylə daha çox əlaqələr quracağının  və seçici kütlələri üzərindən siyasət yapılacağının ip uclarını verir. İqtisadiyyat naziri Nihat Zeybəkçi, professor Mustafa Şəntop, Məclis insan haqları komissiyasının keçmiş sədri Ayxan Səfər Üstün bunu simvollaşdıran isimlərdir ( din təmayüllü qurumlarda idarəçilikdən  məclisə girmiş  Üstün partiya sədrinin insan haqlarına cavabdeh müavini oldu).

 

Qurulduğu dönəmdə olduğu kimi, AKP yeni dönəmdə də qadınlarla əlaqəni gücləndirməyi hədəfləməkdədir ki, partiyanın qurucularından olan  professor Ədibə Sözənin siyasətə bir müddət fasilə verəndən sonra yenidən MQİŞ-ya qayıtması, məclisin keçmiş vitse-spikeri Ayşənur Bahçekapılıya, Nükhət Hotara və  seçici kütləsinin daha əvvəldən tanıdığı qadınlara MQİŞ-da  yer verilməsi bunun  açıq işarəsi sayıla bilər.

 

“Kürd məsələsi”ndə  Ərdoğan və  AKP, yenə keçmiş kənd təsərrüfatı naziri Mehdi Əkər və Cənubi-Şərq bölgəsinin güclü əşirətlərindən birinə mənsub olan Qalib  Ənsarioğlunun MQİŞ-dakı fəaliyyətindən bəhrələnəcəkdir. Baş nazirin müavini Yalçın Akdoğanın MQİŞ-dakı  varlığının həm “kürd  məsələsi”   həm də Gülən icmasıyla mübarizəni ehtiva edərək, Azərbaycanda dəbdə olan təbirlə desəm, “multifunksional” xarakterli  olacağı “görünən kəndə xəritə lazım deyil”- qəbilindən bir təsbit olsa gərək.

 

Türkiyənin prezident üsuli-idarəsinə keçməsi üçün prezident Ərdoğanın birinci dərəcəli ilhamvericisi olan konstitusiya hüququ üzrə professor Burhan Kuzunun yeni MQİŞ-dakı  gələcək fəaliyyətini  şərh etməyə ehtiyac varmı? 

 

Mövlud Çavuşoğlu, Nurəttin Canikli, Əziz Babuşçu kimi şəxslər isə  12 sentyabrda səsə qoyulan MQİŞ  siyahısına Ərdoğana olan şəxsi sədaqətlərini ona daha çox hiss etdirdikləri  üçün girə bildilər. Məşhur reklamda deyildiyi kimi, tamamən duyğusal. Çavuşoğlunun ikinci dəfə AKP sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsinə gətirilməsi də bunu göstərməkdədir.

 

13 ildən bəri iqtidarda olan AKP-nin 12 sentyabrda seçilən MQİŞ-sını partiyanın sədri  Əhməd Davudoğlunun necə  “mobilizə edəcəyini”   noyabrın 1-də axşam 20-dən sonra görəcəyik... Oraya qədər, Seyid Əzim Şirvaninin “Allah kərimdir” – qəzəlini hər gün oxumağa, hamıdan çox, güman ki, professor Davudoğlunun ehtiyacı olacaqdır.

 

Nəticə: 14 avqust  2001-də Tayyib Ərdoğan, Abdullah Gül, Bülənt Arınç və Əbdüllətif Şənərin qurduğu Ədalət və İnkişaf Partiyasında (AKP) özünü “partiyanın vicdanı” adlandıran Arınç da oyundan kənarda qaldı. Bir “Allah kərimdir” də Arınç üçünmü?... 

 

Mayis Əlizadə / APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ