MHP-də nələr olur: Akşənərin iddialarına sözardı-TƏHLİL

mhp de neler olur aksenerin iddialarina sozardi tehlil

Şişirmələr

1 noyabr 2015-ci il seçkisi Türk milliyyətçiliyinin siyasi qurumu olma iddiasını daşıyan Milliyyətçi Hərəkat Partiyasındakı (MHP)  qarşısı alınmaz böhranı daha da dərinləşdirdi. 2002-ci ildə hökumətdə ikən Devlet Bahçelinin təkidiylə gedilən erkən seçimdə 10% reytinq itirib məclisdən kənarda qalandan sonra MHP-nin bütün qurultaylarını izlədim. Rəqib çıxsın və ya  çıxmasın, qurultayların hamısı başlar-başlamaz, rəyasət heyətinin sədri vilayət təşkilatlarının sədrlərinin imzaladıqları “Bahçeliyə dəstək bəyannaməsi”ni oxuyaraq, demokratik mühitin ortaya çıxması ehtimalını ilk andan öldürürdülər (2012-ci ildəki qurultayda Tuğrul Türkeş “MHP atamın partiyasıdır” sözləriylə salondan gələ biləcək demokratik təşəbbüslərin önünə sədd çəkmişdi). Bahçelinin qurultaylardakı nitqlərinin 30%-i Türkiyəyə  və xaricdəki Türk ölkə və qövmlərinə salam göndərməkdən ibarət olurdu, MHP-nin necə bir iqtidar alternativi olacağına dair işartılarını  onun çıxışlarında heç vaxt görmək mümkün olmadığı kimi hər seçkidən sonra “əziz millətimiz bizə müxalifət vəzifəsi verdi” sözləriylə seçkinin nəticələrini onsuz da sorğulama gücündə olmayan seçicilərin ürəyinə su səpməyə çalışırdı. 1 noyabrdan sonra başda Devlet Bahçeli olmaqla, partiyanı  idarə edən şəxslər “MHP-nin üzərində əməliyyat aparılır” bəhanəsinə sığınmağa çalışsalar da, 2007-2015-ci illər arasında MHP kontingentindən məclisin vitse-spikeri kreslosunda oturmuş Maral Akşənərin, ona paralel olaraq keçmiş məskunlaşma və abadlaşdırma naziri Koray Aydının  və İğdır millət vəkili Sinan Oğanın fövqəladə qurultay  tələbiylə ortaya çıxmaları, izləyən günlərdə,  uzun müddət partiyadan uzaq tutulmasına  baxmayaraq, 2015-ci ilin hər iki seçkisində Antəpdən  seçilən Bahçelinin müavini Ümid Özdağın da o xora  qatılmasının baş qərargah üzərində yaratdığı psixoloji təzyiqə, fövqəladə qurultay tələbiylə “müxaliflər”in məhkəməyə müraciət edib müsbət qərar alması  da əlavə  olunca   Bahçelinin  “Qurultay 2018-in martında olacaq” qərarlılığına partiyanın  baş qərargahının hüquqi  mübarizəsini  də  əlavə etmək qacınılmaz oldu. Ali Məhkəmənin fövqəladə qurultayı “dayandırması”na baxmayaraq, ”müxaliflər” 15 mayda qurultayı keçirəcəyini, baş qərargah isə keçirə bilməyəcəyini iddia edərkən, bu “əhval və şəraitdə”   Türkiyənin mərkəzdə olduğunu iddia edən mediası (Doğan və Cinər qrupları) Akşənərə bütün qəzet və kanallarının qapılarını taybatay açmış durumdadır. Nə üçün? Maral Akşənərin MHP liderliyinə  yüksələcəyinə  inandıqlarına görəmi? Yüksəlməsi  durumunda, hər gün iddia etdiyi  kimi, baş nazir olacağına inandıqları üçünmü?

Türkiyə Maral Akşeneri 1990-cı illərin ortalarına  dönəmin baş naziri Tansu Çillərin müşaviri kimi siyasət həyatında ilk ciddi məşqlərini yaparkən tanımışdı. ”Milliyyətçi məhəllə”dən gələn siyasətçi olmasına baxmayaraq, Akşənər, mərkəz sağın iki siyasi qurumundan biri olan Doğru Yol Partiyasından 24 dekabr 1995-ci ildə keçirilmiş seçkidə məclisə girdi. 3 noyabr 1996-cı ildə Susurluk qəzasının baş verməsiylə daxili işlər naziri vəzifəsindən istefa verən Məhmət Ağarın yerinə o vəzifəyə təyin edilən Akşənər elə həmin gecə Diyarbakıra gedərək çayxanada domino oynamış, bölgəyə mesajlarını (həm terrora qarşı sərt mübarizə və həm də bölgədəki vətəndaşlarla hərarətli münasibət qurma) domino masası arxasından vermişdi. Milli Təhlükəsizlik Şurasının 28 fevral 1997-ci ildə keçirilən uzun iclasından sonra ordu generalı Çevik Birin təhdid dolu mesajına eyni sərtliklə cavab verməsi bu gün də Akşənərə ictimaiyyət arasında xal qazandıran davranış olaraq xatırlanmaqdadır. 18 aprel 1999-cu ildəki seçki ərəfəsində MHP-nin yüksək reytinqinə rəğmən “mənşəyinə rücu etməyən” Akşənər, Doğru Yol Partiyası sıralarında davam etdiyi siyasətə 2001-ci ildə Ədalət və İnkişaf Partiyasının (AKP) quruluş mərhələsində Tayyip Ərdoğanla birlikdə hərəkət etsə də , oradan namizəd olmayıb MHP-yə qatıldı. MHP-nin məclisdə olmadığı 2002-2007-ci illər arasında Devlet Bahçeliyə çox yaxın durmağa çalışdı, onun müavini oldu. 22 iyul 2007-ci ildə MHP məclisə qayıdandan sonra Devlet Bahçeli kontingent vitse-spikerliyi vəzifəsini Akşənərə verməyi uyğun bildi ki, o vəzifə fasiləsiz şəkildə 7 iyun 2015-ci ilə qədər davam etdi. 7 iyun 2015-ci ildə keçirilmiş seçkidə millət vəkilliyinə namizəd göstərilməyən Akşənərin hazırda  MHP-də Bahçeliyə qarşı “üsyan bayrağı”nı qaldıran qrupun öndərliyini yapdığını görməkdəyik.

 

 

Akşənər kiminlə mübarizə aparacaq?

 

543 qurultay nümayəndəsinin imzasını alaraq MHP-ni fövqəladə qurultay keçirməyə məcbur edən Akşənər mərkəzdəki medianın ona verdiyi dəstəkdən şikayətlənməməlidir (əvəzində, nə qədər ironik olsa da, prezident Ərdoğana yaxın media Bahçelini dəstəkləyir). Ancaq bunu anlamaq mümkün deyil: mərkəz media Akşənərə  bu dəstəyi onun hansı proqram, vəd və layihələrini görüb, analiz edib də verir? Yoxsa Akşənərə verilən media dəstəyi, Anadoludakı məşhur sözlə,  “Həzrət Əliyə sevgidən yox, Muaviyəyə olan nifrətdən” irəli gəlir?  “Akşənər gələrsə, MHP 25%-dən başlayar” fırtınası MHP-ni fövqəladə qurultaya məcbur etməyə çalışan qadının, məsələn, hansı iqtisadi proqramından ilham alır? AKP-nin və cənab Ərdoğanın 14 ildə qurduğu  iqtisadi sistemi hörmətli Akşənər hansı həmlələrlə sarsıtmağı düşünür?  AKP iqtidarı dönəmində Türkiyədə  həcmi milyard dollarlara çatan layihələr həyata keçirildi və hazırda cümhuriyyət tarixinin ən böyük tenderləri  xəzinənin verdiyi 100%-lik təminatlarla yapılmağa davam edir. İddialara görə, baş nazir Əhməd Davudoğlu milyard dollarlıq tenderlərə verilmiş xəzinə təminatının 100%-dən 80%-ə endirilməsini prezident Ərdoğanla müzakirə edib, xəbəri alan iş adamları təminatın 100%-də qalması üçün Ərdoğanı razı salıblar. Ən böyük layihələrin, Ərdoğanın  razılığıyla  100%-lik xəzinə təminatıyla  yapıldığı bir ortamda MHP sədri olacağını iddia edən Maral Akşənər, əcəba, dövlətin milyardlarla dollarlıq işlərini yapan iri kapitalizmin öz  dəstəyini  Ərdoğandan çəkib ona  verməsi üçün hansı radikal vədləri hazırlayıb? Ən kiçiyindən ən böyüyünə- AKP-nin idarə etdiyi bələdiyyələrin qurduğu  maddi yardım-iş-tender  üçbucağını hörmətli Akşənər hansı metodologiyalarla ortadan qaldırmağı nəzərdə tutur ki, seçicilər qüsursuz işləyən o üçbucağın cazibəsindən çıxıb  Akşənəri  hökumətin başına gətirməyi məqsədəuyğun hesab etsinlər? Yanvarda bazardan çıxan  350 milyon dolların əvəzinə fevraldan başlayaraq sırf Ərdoğana olan güvən və etimada görə 4 milyard dollardan çox isti pul bazara  gəlib; isti pulun Türk bazarındakı önəmini nəzərə alaraq, Akşənər xanım iqtisadiyyatı sarsacaq  miqdarda pulun bazarı tərk etməsi durumunda hansı əlaqələrini tədavülə daxil edib  ölkəyə pul çəkə biləcək? Soyuq savaşın bitməsindən sonra qloballaşan dünyaya paralel olaraq Türkiyədə də siyasətin dəyişən zəminini 2000-ci illərin əvvəlində nə Bülənt Ecevit, nə də Devlet Bahçeli qavraya  bilmişdilər. Dəyişən zəmini yaxşı təhlil edə bilən Ərdoğan 15 aylıq partiyasını məhz xalqın iqtisadi gözləntilərinə konkret proqramlarıyla verdiyi cavablara görə iqtidara gətirə bilmişdi. Türkiyədə 15 ildən bəri seçicilər ideologiyanı böyük ölçüdə arxa plana atıb ciblərin  durumuna görə blanklara möhür basırlar. Ona görə də işləyən mövcud sistem baxımından təkcə Akşənərin deyil, ümumilikdə MHP-nin və digər siyasi partiyaların işinin çox çətin olduğunu söyləməklə  əslində heç nəyi şişirtmədiyimizi bu işlərə azacıq diqqət göstərən hər kəs görə bilir...

 

Rüzgarlar  çox vaxt istənilən nəticəni vermir...

 

Mərkəzdəki medianın Akşənər üçün əsdirdiyi dəstək rüzgarlarını Türk siyasəti daha əvvəl dəfələrlə görüb. O rüzgarların, maşın karvanlarının, meydan qələbəliklərinin illah da seçki qutularında  öz əksini tapacağına dair təminat heç vaxt  və heç kim üçün olmadığı kimi, bu gün Akşənər üçün də yoxdur. Türk siyasətinin unudulmaz simalarından olan mərhum Osman Bölükbaşı deyərmiş ki, çayçıda-meydanda hamıdan çox məni dinləməyə gəlirlər, ancaq seçki günü gedib başqalarına səs verirlər. Bu durumun tipik örnəkləri mərhum Ərbakanın mitinqlərində yaşanırdı: meydanlardakı insan selini görəndə həmişə elə bilirdim  ki, xocaya yenidən baş nazirlik  yolu göründü, nəticələr isə 1%-i belə keçmirdi. MHP-Akşənər-qurultay üçbucağında irəliləyən indiki proseslərin, Akşənəri deyə bilmərəm, fəqət  MHP baxımından bir çox sıxıntısı olduğu açıq-aşkardır. Zira  Akşənərli və ya Akşənərsiz- bütün  variantlarda MHP-nin 10%-lik ölkə baryerini keçə bilməmə təhlükəsi qalmağa davam edir. Mövcud gəlişmələrin MHP-ni parçalanma mərhələsinə daxil edə biləcəyi ehtimalı  da bir tərəfə qeyd edilə bilər. Hazırkı dünya  gerçəkləri işığında Qərbin, özəlliklə ABŞ-ın  MHP-ni siyasi arenada görmək istəməməsi də Türk milliyyətçiliyinin başqa bir sıxıntısıdır; söhbət Türkiyədə və bölgədə, Qərbin  Türk milliyyətçiliyi ilə əməkdaşlıq etməməsindən gedir. 7 iyundakı seçkidən sonra meydana çıxmış mənzərəni MHP-nin düzgün oxuya bilməməsi işləri bu nöqtəyə gətirdi. Mövcud durumda  Türk milliyyətçiliyinin taleyini nəzərə alaraq, Bahçeli-Akşənər qarşıdurmasına deyil, əməkdaşlığına  duyulan ehtiyac   tarixi   zərurətə çevrilmişdir.

 

 Mayis Əlizadə/ APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda avtomobil ehtiyat hisseleri yanib
    Sumqayıtda avtomobil ehtiyat hissələri yanıb
  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ